Azərbaycanın ev sahibliyi etdiyi COP29 dünyanın hər yerindən gələn insanları bir araya gətirərək zamanımızın ən vacib məsələsi olan iqlim dəyişikliyini müzakirə etməyə imkan verir. Fərqli baxış bucaqlarına, müxtəlif fikirlərə malik insanlarla söhbət etmək çox xoşdur. Gənc olaraq digər gənclərin də buraya gəlməsi və onların ehtiyaclarını müdafiə etmə imkanı qazanması çox gözəldir. Axı iqlim dəyişikliyi gələcəkdə hamımıza təsir edəcək.
“İki sahil” xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində ölkəmizə gələn layihə inkişafı üzrə kanadalı mütəxəssis Aaron Sidney Brovn söyləyib.
O, Asiyada ilk dəfə olduğunu bildirərək təəssüratlarını bölüşüb: “Burada hər şey çox xoşuma gəldi. Dünən burada şabalıd və plov yemişəm. Azərbaycanın yeməkləri çox dadlıdır”.
Qonaq Kanada pavilyonundan da danışıb: “Bu pavilyon kanadalılar üçün əhəmiyyətli olan mövzuları işıqlandırır. Müraciət əsasında seçilən və Kanadada mühüm məsələləri təbliğ edən tədbirlər pavilyonda keçirilir. Mənim təşkilatım “Active Canada” isə dünyanın hər yerində humanitar inkişaf və sülh məsələlərini birləşdirən yanaşmanı təbliğ edir”.
Aaron Sidney Brovn əlavə edib ki, Şimal ölkəsi kimi Kanada iqlim dəyişikliyinə çox töhfə verib: “Buna görə də öz emissiyalarımızı necə azalda biləcəyimiz haqqında düşünməliyik ki, iqlim dəyişikliyinə görə əziyyət çəkən biz olmayaq. İqlim dəyişmələrindən ən çox əziyyət çəkən kasıb və həssas insanlar olacaq. Kanada həm öz emissiyalarını azaltmalı, həm də iqlim dəyişikliyinin təsirlərinə məruz qalacaq insanlara, xüsusən də qadınlara və kasıb vəziyyətdə yaşayanlara kömək etməlidir. Bu insanların kanadalı olmaması mühüm deyil. Dünyada belə insanlara kömək etmək borcumuzdur”.