14 noyabr 2024 13:02
259

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.

“İki sahil” xəbər verir ki, BMT-nin Azərbaycan ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu deyən Filemon Yanq ölkəmizin BMT Nizamnaməsinə tam sadiq olduğunu vurğuladı.

COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edən BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti bu tədbirin keçirilməsinin heç də asan olmadığını, hazırlıq prosesinin cəmi 11 ay çəkdiyini vurğuladı.

Filemon Yanq Azərbaycanın yaşıl keçid və yaşıl enerji konsepsiyalarını qeyd etdi.

Qonaq BMT Baş Assambleyasının gənc, peşəkar azərbaycanlı kadrları dəstəklədiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanın qısa müddət ərzində COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq dedi ki, bu, ölkəmizin iqlim dəyişmələri ilə bağlı mübarizədə beynəlxalq səyləri dəstəkləmək əzmini göstərir.

COP prosesində artıq ilkin irəliləyişlərin olduğunu qeyd edən dövlətimizin başçısı COP29-da Paris Sazişinin 6-cı bəndi və beynəlxalq maliyyə qurumlarının yeni maliyyə hədəfləri ilə bağlı açıqlamaları müsbət hal kimi qiymətləndirdi.

Azərbaycan Prezidenti ölkəmizə və COP-a qarşı geniş təbliğat kampaniyasının aparıldığını dedi.

Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli diplomatik əlaqələrinin olduğunu qeyd edərək, ölkəmizin geniş coğrafi əhatəsi olan strateji tərəfdaşlıq münasibətləri qurduğunu bildirdi.

Dövlətimizin başçısı Qlobal Cənub ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin artırılmasının vacibliyini vurğulayaraq, dünyada mövcud olan geosiyasi arxitekturanın dəyişdirilməsinin və ədalətin təmin olunmasının zəruriliyini bildirdi.