Ukraynadakı korrupsiya ölkənin NATO və Avropa Birliyinə üzv olmasına mane olan əsas amil olaraq qalır.
“İki sahil”in TASS-a istinadən verdiyi məlumatına görə, bu qiymətləndirmə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Dövlət Departamentinin və Pentaqonun baş müfəttişlərinin ofislərinin birgə hesabatında yer alıb.
“Hakimlərə, siyasətçilərə və məmurlara qarşı korrupsiya ittihamları irəli sürülüb və Müdafiə Nazirliyi özünü bir çox korrupsiya qalmaqallarının mərkəzində tapıb”, - deyə sənəddə qeyd olunub.
Bildirilir ki, Ukraynada korrupsiya və qanunun aliliyi ilə bağlı narahatlıqlar müharibədən sonrakı iqtisadiyyatın bərpasına və xarici investisiyaların cəlb edilməsinə əsas maneə ola bilər. Vurğulanır ki, Ukrayna hakimiyyəti korrupsiya ilə mübarizəyə cəhd edir, lakin bu, Ukraynanın Avropa institutları ilə daha geniş inteqrasiyası perspektivlərinə mane olmaqda davam edir.
2024-cü il fevralın 15-də Pentaqonun baş müfəttişi ABŞ-ın Ukraynaya yardımının yoxlanılması zamanı korrupsiya faktlarının qeydə alındığını bildirib. Müfəttişin hesabatına əsasən, 2022-ci ilin fevral ayından indiyədək korrupsiya ilə bağlı 57 araşdırma başlanıb, onlardan 14-ü başa çatıb, 43-ü isə açıq qalır. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 7 nəfər həbs edilib, 13 nəfər cinayət işi başlanıb, 2 nəfər barəsində hökm çıxarılıb, 11 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Açıq araşdırmalar əsasən qrant və satınalma saxtakarlığı, korrupsiya, oğurluq və digər qanun pozuntularına aiddir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”