29 noyabr 2024 12:53
413

Kibercinayətkarlıqla bağlı məhkəmə: Dubaydan böyük məbləğdə pullar gətirmişdim

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınma və kibercinayətkarlıqda ittiham olunan Bahadır Qasımov, İkram Qasımov, Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Mayıl Bağırov deyib ki, İkram Qasımov onun dostu olub və təqsirləndirilən şəxsin işlərini görüb:

"İkram Qasımov ticarətlə məşğul idi. Onun konkret nə işlə məşğul olduğunu bilmirdim. Maaş da verirdi. O mənə maşın sürməyə etibarnamə vermişdi. Onların ofisi aviakassa kimi fəaliyyət göstərirdi. Orada pul köçürmələrinin olub-olmadığını bilmirəm. Bahadır Qasımov isə Moskvada yaşayırdı. Bayramlarda bura gəlib-gedirdi. Bir neçə dəfə İkram Qasımovun Dubaydan böyük məbləğdə pullarını gətirmişdim. Həmin pullar bəyannamə əsasında gətirilirdi. Həmin pulları gətirdikdən sonra İkram Qasımova vermişəm".

Daha sonra şahidin ifadələri arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O həmin ifadəsində deyib ki, İkram Qasımovla 2019-cu ildən etibarən işləyib.

"Onların ofisi iki hissəli idi. Bir tərəfində turizm, digər tərəfində pul köçürmələri həyata keçirilirdi. Ofisdə ümumi rəhbər İkram Qasımov idi. Orada ölkə xaricinə və ölkə daxilinə pullar köçürülürdü. Bu köçürmələrin qanunsuz olduğunu bilirdim. İkram Qasımov avtomobillərin mənim adıma keçirilməsini təklif etmişdi, etiraz etməmişdim. Onları hər hansı bir dövlət orqanında təmsil etməyim üçün mənə etibarnamə verilməmişdi", - şahidin ibtidai istintaqa verdiyi ifadəsində bildirilib.

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin olunub.