Məktəb psixoloqlarının məişət zorakılığı və onun qarşısının alınması sahəsində məlumatlandırılması məqsədilə Yasamal rayonu Heydər Əliyev Mərkəzində təlim keçirilib.
“İki sahil” xəbər verir ki, noyabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən təlimdə Yasamal rayonu ərazisində yerləşən məktəblərin psixoloqları iştirak edib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təravət Muradova tədbir iştirakçılarını salamlayaraq, məişət zorakılığı ilə bağlı mövcud vəziyyət barədə məlumat verib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Hüquqi-təminat Şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılığına qarşı mübarizədə məktəb psixoloqlarının məlumatlı olmasının vacibliyini, bu halların aşkar olunmasında, ilkin yardımın edilməsində və operativ olaraq aidiyyəti qurumlara məlumat verilməsində mühüm rolunu qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev məişət zorakılığı hallarının aşkar olunması və dərhal müdaxilə edilməsi sahəsində tövsiyələrini diqqətə çatdırıb.
Təlimdə “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi”, “Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası”, “Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixokorreksiya və psixoterapiyası” mövzularında təqdimatlar nümayiş etdirilib.
Təlim sual-cavab sessiyası ilə davam edib.
AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır