25 aprel 2025 18:41
369

Azərbaycan dilinin təəssübkeşi

Sovet dönəmində respublikamıza rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev olduqca önəmli bir addım da atmışdır. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Şübəsiz, bu, Ümummilli Liderin Vətənə sadiqliyindən, əsl cəsarətindən irəli gəlirdi.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, “Şöhrət” ordenli Anatoliy Rafailov deyib. 

O bildirib ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir: “Çıxışlarının birində Ulu Öndər vurğulamışdı ki, bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir”.
Milli Məclisin deputatı daha sonra bildirib ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb: “Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də ana dilimizin mövcud durumunu diqqət mərkəzində saxlayıb. Hətta bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli Lider Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Məhz Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bütün bunlarla yanaşı, 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ulu Öndərin həyata keçirdiyi ana dili siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir”.

Anatoliy Rafailovun fikrincə, Azərbaycan heç bir zaman milllətçilik mövqeyidən çıxış etməyib: “Yəni, ermənilər kimi digər azsaylı xalqları yalnız erməni dilində danışmağa məcbur etməyiblər. Bu mənada ölkəmizdə yaşayan bütün azsaylı xalqlar-yəhudilər, ləzgilər, talışlar, avarlar və digərləri öz dillərində danışırlar və bu da olduqca təbii qarşılanır. Məhz elə bu səbəbdən Sovet İttifaqı dağılandan sonra müxtəlif dinlərə məxsus digər xalqların nümayəndələri Azərbaycanı tərk etmədilər. Multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınan bu ölkədə yaşamağı davam etdilər. Bu, əslində, Azərbaycanın reallığını, eyni zamanda, Azərbaycan xalqının dini dözümlülüyünün göstəricisidir. Mən çıxışlarımda bunu Azərbaycan xalqına məxsus mədəniyyət kimi dəyərləndirmişəm”. 

Millət vəkili, həmcinin vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaradılıb: ”Bu ölkədə azsaylı xalqlar müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər, öz ana dillərində təhsil alırlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”