Yeni dövrün savaş növü olan koqnitiv müharibələrin əsas hədəfi çox vaxt ailə olur və bu da təsadüfi deyil. Ailə bir cəmiyyətin kollektiv yaddaşını daşıyır, tarixi, kimliyi və dəyərləri nəsildən-nəslə ötürür. Bu münasibətləri zəiflətmək cəmiyyətin sabitliyini sarsıtmaq üçün ən təsirli üsuldur. Son illər insanların iradə, əzm, zəhmətsevərlik, vətənpərvərlik, ümumxalq mənafe, ailə tellərinə bağlılıq istiqamətində qarşıya çıxan zəifliklər məhz koqnitiv müharibələrin yaratdığı fəsadlar sayəsində meydana gəlir. Yəni, koqnitiv əməliyyatlar sayəsində fərqli dəyərlərə, dünyagörüşünə, əxlaqa sahib olan, eyni zamanda, xeyir-şəri, sosial-ədalət prinsiplərini transmilli aktorların həyata keçirdiyi əməliyyatın niyyətinə uyğun formada dərk edərək qəbul edən insan kütləsi yaratmaq istiqamətində böyük işlər görülür.
Texniki tərəqqinin verdiyi böyük imkanlar insan beyninin xarici təsirlərə məruz qalmasını, informasiya vasitəsilə manipulyasiyasını asanlaşdırır. Və nəticədə insanların hələ kiçik yaşlarından təkcə mətbuatdakı yazılarda deyil, bədii və cizgi filmlərində, teleseriallarda gizlədilmiş sublematik mesajların hücumlarından müdafiəsi zəifləyir.
Bəzən fərqinə varmadığımız, yaxud da şüurlu şəkildə aludəçisi olduğumuz hallar haqqında toplanmış informasiyalar əsasında gizli üsullarla tətbiq edilən manipulyasiyalar, yayılan dezinformasiyalar sayəsində uşaqların və böyüməkdə olan gənclərin yaxın gələcəkdə idarəolunan, “manqurt-zombiləşmiş” kütləyə çevrilməsi imkanları müasir dövrün olduqca real “perspektividir”.
İdrak savaşlarının təzahürlərindən biri də dünyada demoqrafik proseslərə müdaxilələrin həyata keçirilməsidir. Gələcəkdə Yer kürəsinin qarşılaşacağı ən böyük problemlərdən biri dünyaya göz açan körpələrin sayının azalması olacaqdır. Maddi ehtiyatların tükənməsinin gələcəkdə qıtlığa səbəb olacağı əldə bayraq edilərək, artıq illərdir ki, insan sayının azaldılması istiqamətində layihələr həyata keçirilir, bu istiqamətdə elmi araşdırmalara transmilli aktorlar tərəfindən külli miqdarda vəsait sərf olunur.
Bu gün sosial media platformaları ailə münasibətlərinə təsir göstərən ən güclü vasitələrdəndir. Real olmayan həyat tərzlərinin, süni xoşbəxtliyin, “ideal münasibətlərin” təqdim edilməsi gənclərdə və cütlüklərdə qeyri-real gözləntilər yaradır. Nəticədə, ailədaxili münasibətlərdə narazılıqlar artır, boşanmaların sayı çoxalır, münasibətlər səthiləşir. Digər tərəfdən, sosial şəbəkələr vasitəsilə yayılan “özünü realizə et”, “azad ol”, “ailə səni məhdudlaşdırır” kimi şüarlar fərdləri ailədən uzaqlaşdırır və onlar şəxsi maraqları ümumi məsuliyyətdən üstün tutur.
Manipulyasiyalar nəticəsində analıq, atalıq institutu, bu duyğuların əhə¬miy¬yəti, nəsillər arasında mənəvi borc, məsuliyyət anlayışları sürətlə mənfiyə doğru dəyişdirilir. Uşaqların, gənclərin idraklarına, zehinlərinə müdaxilələrin nəticəsi olaraq onlarda valideynlərlə hesablaşmaq, qərarlarını anlayışla qarşılamaq, əməl etmək, böyüyə hörmət, məsləhətə qulaq asaraq düzgün qərarlar qəbul etməklə addımlar atmaq kimi anlayışların pozulması da İdrak savaşlarının yaratdığı fəsadlardandır. Bu cür təsirlərə məruz qalan övladların sərgilədiyi qeyri-adekvat davranışlar ailədəki ata-oğul, ana-övlad münasibətlərinin gərginləşməsinə, ailədaxili münaqişələrin artmasına gətirib çıxarır. Sonda isə övladların bu cür davranışlarını müşahidə edən və ailədaxili münaqişələrdən təngə gələn valideynlər daha çox övlada sahib olmaq fikrindən daşınmağa başlayır.
İdrak savaşlarının nəticəsi olaraq xalqların milli-mənəvi dəyərlərinin dəyişdirilməsi nəsillər arasında bağların qopmasına, təcrübəli insanlarla gənclər arasında münasibətlərin aqressiv forma almasına, ailə, təşkilat və qurumlarda, ümumilikdə isə cəmiyyətdə qarşılıqlı münasibətlərdə münaqişələrin artmasına səbəb olur. Hesab edirik ki, münasibətlərdəki aqressivlik səbəbindən yaşanan münaqişələrin, baş verən cinayətlərin mətbuatda və sosial media seqmentlərində ifrat dərəcədə işıqlandırılması, təbliği də insanlar arasında qarşılıqlı münasibət zəminində baş vermiş münaqişələrin surətlə artmasına böyük təkan verir.
Rəqəmsal dövrün ən təsirli silahlarından biri də internet vasitəsilə yayılan vizual süjetlərdir. Bu süjetlərdə insanlar əxlaq, davranış, ideoloji baxış və dünya görüşünə görə “yaxşı” və “pis”, “doğru” və “yanlış”, “müsbət” və “mənfi” kimi kateqoriyalara ayrılır. Bu isə koqnitiv müharibələrin ən təhlükəli fəsadlarından biridir. İnsan şüuruna vizual təsir vasitəsilə yeridilən bu parçalanma meyilləri cəmiyyətin daxili birliyini zəiflədir. Bir-birinə etimad etməyən, nəzakət göstərməyən fərdlərdən ibarət cəmiyyət asanlıqla manipulyasiya olunan, xarici təsirlərə açıq, informasiya yönümlü idarə olunan bir formaya salınır. Beləliklə, insanlarda, xüsusilə psixoloji cəhətdən manipulyasiyalara daha tez uğrayan insanlarda, tədricən özünəqapanma meyilləri artır, bu da öz növbəsində daha dərin problemlərə gətirib çıxarır.
İnsanların idrakına yönəlik bütün bu psixoloji müdaxilələr ailə təməl prinsiplərinin və ailələrin milli-mənəvi dəyərlərə sədaqətinin, sevgisinin zəiflədilməsinə, qohumluq bağlarına söykənmiş əlaqələrin aradan qaldırılmasına xidmət edir. Eyni zamanda, silinmiş müsbət mənəvi dəyərlərin yerini güc mərkəzlərinin maraqlarına uyğun doldurulmasına nail olmaq üçün xalqın təfəkkürünə yad olan və yalnız şəxsi, merkantil maraqlar çərçivəsində əlaqələrin düzgün olduğu geniş şəkildə təbliğ və təşviq olunur. Bütün bu neqativ təsirlərə uşaqların və gənclərin məruz qalmaması üçün əvvəlcədən hazırlıqlar görülməli, ortamüddətli və uzunmüddətli perspektivləri hədəf alan, həmçinin xalqın sosial kodlaşmasını təmin edən, eyni zamanda müxtəlif sahələri əhatə edəcək strateji proqram, konsepsiya və layihələrin icrası təmin edilməlidir. Fikrimizcə, Şərq ölkələrində ailə münasibətlərinə xüsusi önəm verildiyindən qeyd etdiyimiz amil, yəni, ailə dəyərlərinin dəyişdirilməsinə cəhd məsələsinə daha ciddi fikir verilməli, daha çox diqqətdə saxlanılmalıdır.
Maraq dairəsinə daxil edilmiş xalqların xüsusiyyətlərinin dərindən öyrənilməsi və həmin xalqın sosial kodlaşma sistemlərinə müdaxilə, marketinqlər, saxta fantastik endirim kampaniyaları ilə müşahidə olunan şopinqlər, reklam çarxlarının tətbiqi ilə insanların üstünlük verdiyi sahələrin, aludəçisi olduğu istiqamətlərin, yaşam tərzindəki məqamların öyrənilməsi və qiymətləndirilməsi, zərərli vər¬diş¬lərin təşviqi Koqnitiv əməliyyatlarda geniş istifadə və tətbiq edilir.
Acınacaqlı haldır ki, insan beyninə təsir etmək məqsədi güdən, insanları əldə saxlamaq və idarə etmək üçün nəzərdə tutulan ziyanlı ünsürlər məhz uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş cizgi filmlərində, kompüter oyunlarında, komikslərdə və televiziya verilişlərində, həmçinin sosial media platformaları üzərindən yayımlanan paylaşımlarda məharətlə gizlədilir. Sistematik təlqin edilən bu zərərli ünsürlər də zamanla öz effektini mütləq mənada büruzə verməkdədir.
Heç vaxt unutmamalıyıq ki, bu əməliyyatların qayəsi tarixi özünüdərkin, təhsil, tərbiyə sisteminin, cəmiyyətin əsas həyat amalı və məqsədlərinin dəyişdirilməsi, yenidən başlanılmasına nail olmaqdır. Hesab edirik ki, İdrak savaşlarına qarşı həyata keçiriləcək əks tədbirlər zamanı mütləq mənada bütün bu amillər nəzərə alınmalıdır, çünki İdrak savaşının son məqsədi olaraq dövlətin daxili informasiya və təbliğat baryerlərini aşmaq, dəyərlər sisteminə və xalqın dərrakəsinə müdaxilə edərək anlayışları dəyişdirmək nəzərdə tutulur. Manipulyasiyaların qayəsi, həmçinin rəqib ölkənin əhalisinin istənilən qərarı verməyə sövq və məcbur edilməsi, yönləndirilməsidir. Tam əminliklə deyə bilərik ki, İdrak savaşları klassik hərbi vasitələri və metodları idraklara müdaxilə, düşmənə iqtisadi və informasiya təsirləri ilə birləşdirən hibrid müharibələrdir.
Ən qorxulusu odur ki, gələcəkdə müasir texnologiyalar sayəsində İdrak savaşları əməliyyatları vasitəsi ilə ölkənin böyük əksəriyyətini təsir altına alaraq manqurt-zombilər kütləsi yetişdirmək mümkün olacaqdır. Bu prosesə qlobal internet, neyroşəbəkə, süni intellektlə yanaşı, son illər keçirilən sınaqların sürətlənməsi nəticəsində böyük irəliləyişə nail olunmuş beyin-çip texnologiyası da “uğurlu töhfələr” verəcəkdir. Heç kim zəmanət verə bilməz ki, həmin beyin-çip texnologiyaları gələcəkdə hərbi məqsədlər üçün geniş istifadə edilməyəcəkdir. Əvvəllər bizlərə filmlərdə fantastik süjetlər kimi təqdim edilən bir çox məqamlar artıq texniki tərəqqi sayəsində real tətbiqini tapmaqdadır.
İdrak savaşlarının nəticəsi olaraq illərlə bizə yad ideologiya aşılanmış, milli özünüdərkin zehinlərdən silinməsi istiqamətində nəhəng layihələr həyata keçirilmişdir. Nəticədə ortaq köklərə malik xalqların tarixi saxtalaşdırılmaqla hadisələrin etnososial, ənənəvi aspektlərinin səbəb-nəticə əlaqəsinin zənciri qırılmış, müxtəlif istiqamətlərdə “qohumluq” əlaqələrinə malik xalqların, milli azlıqların, nəsillərin birləşməsinə, həmrəyliyinə böyük əngəllər yaradılmışdır. Artıq müasir dövr tələb edir ki, eyni tarixi köklərə, milli-mənəvi dəyərlərə malik ölkələrin coğrafiyasının vahid mənzərəsi yaradılsın. Tarixi faktların öyrənilməsi və araşdırılması yalnız bir məqsədə - həmrəyliyə, birliyə, eyni amal uğrunda mübarizəyə xidmət etməlidir. Köhnəlmiş, təsirini və əhəmiyyətini itirmiş metodlardan uzaqlaşmaq artıq zamanın tələbidir.
Əminik ki, ölkədaxili həmrəylik, həmçinin eyni kökdən olan xalqların birlikdə hərəkət etməsi, ayrı-seçkiliyi təbliğ edənlərə və yad dəyərləri insanlarımıza sırımaq istəyənlərin cəhdlərinə əla cavab olacaq, gələcək nəsillərin sağlam ənənələr üzərində tərbiyəsinə böyük töhfə verəcəkdir.
Danılmaz faktdır ki, ölkəmizdə savadlı, aydın düşünmə tərzinə malik gənclərin yetişdirilməsi, təlim-tərbiyə prosesində xalqın mentalitetinə uyğun, milli-mənəvi dəyərlərə tam üstünlük verilməsi, cəmiyyətdə şəffaflığın təmin olunması, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial yönümlü layihələrin icrası ilə bağlı əldə etdiyimiz uğurlar bugünkü tarixi proseslərdə daha böyük əhəmiyyət kəsb edir.
İsa İsmayılov
ehtiyatda olan zabit, hərbi jurnalist
Nadiyə Qafarova
publisist, tərcüməçi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü