05 may 2025 15:57
180

Bakı Biznes Universitetinin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib - FOTO

29 aprel – 4 may 2025-ci il tarixlərində Bakı Biznes Universitetinin nümayəndə heyəti Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində işgüzar səfərdə olublar. Səfərdə Universiteti Beynəlxalq əlaqələr üzrə prorektor Gülşən Bayramova, Tələbələrlə iş üzrə prorektor Cavidan Heydarov, Biznes və Menecment fakültəsinin dekanı Şahin Musayev təmsil edib. Səfər zamanı Özbəkistan Milli Universiteti, Məhəmməd-əl-Xorezmi adına Daşkənd İnformasiya Texnologiyalar Universiteti, Səmərqənd  Dövlət Universiteti, Daşkənd Dövlət İqtisad Universitetinin Səmərqənd Filialı, Fergana Dövlət Texniki Universiteti kimi Özbəkistanın aparıcı ali təhsil müəssisələrinin rəhbər heyəti ilə görüşlər keçirilib.  

Görüşlərdə universitetlər arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə beynəlxalq layihələrin işlənməsi, sosial-mədəni tədbir və proqramların həyata keçirilməsi, ikili diplom proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələrinin və elmi konfransların icrası, tələbələr üçün təcrübə proqramlarının təşkili və digər mümkün istiqamətlərdə birgə əməkdaşlığa dair müqavilə imzalanmışdır. Səfər çərçivəsində nümayəndə heyəti universitetlərin maddi-texniki bazası, o cümlədən tədris infrastrukturu ilə yaxından tanış olmuşdur.

Bu əməkdaşlıq Bakı Biznes Universiteti ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında beynəlxalq əlaqələrinin genişləndirilməsinə, eyni zamanda təhsil və elmin inkişafına xidmət edən birgə təşəbbüslərin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.

Eyni zamanda Bakı Biznes Universiteti nümayəndə heyəti 3 may tarixində Daşkənd şəhərində keçirilən Almaniya, Türkiyə, Malayziya Universitetlərinin qatıldığı Beynəlxalq Təhsil Sərgisində iştirak etmişdir. Sərgi müddətində Özbəkistan məktəbliləri və tələbələri ilə görüşlər keçirilmiş, Bakı Biznes Universitetinin təhsil proqramlarının keyfiyyəti, beynəlxalq əlaqələrinin geniş əhatə dairəsi, zəngin tələbə həyatı, güclü maddi-texniki bazası, tələbə dəstək xidmətləri və digər üstünlükləri barədə geniş təqdimatlar aparılmışdır.