Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar".
Bildirilib ki, mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir:
"Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".