09 may 2025 18:08
168

Heydər Əliyev: Zəmanələri Aşan Liderliyin Ruhu

Hər bir xalqın tarixində elə dönüş nöqtələri olur ki, həmin məqamlarda ortaya çıxan fövqəladə liderlər millətin taleyini müəyyənləşdirir – Heydər Əliyev məhz belə bir şəxsiyyət idi.

Böhranlar, cəmiyyətlərin və təşkilatların sabitliyini sarsıdan, gözlənilməz və çətin vəziyyətlərdir. Belə anlarda liderin rolu daha da ön plana çıxır. Yaxşı lider yalnız vəziyyəti idarə etməklə kifayətlənməz, həm də insanlara ümid verir, istiqamət göstərir və çıxış yolu axtarır.

Tarix sübut edir ki, böyük liderlər məhz böhran anlarında yetişir. Çünki əsl liderlik yalnız rifah dövründə deyil, çətinliklər içində özünü göstərir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993- cü ilin iyununda kuliminasiya həddinə çatdı,xaos, anarxiya Respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə almışdır. Beləliklə 1991- 1993- cü illər ölkəmizin müasir tarixində hərc- mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğunu kulminasiya nöqtəsi oldu. Belə vəziyyətdən çıxış yolu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Çünki bu insan ümumxalq inamını, etibarını artıq o zamanədək çoxdan qazanmışdı. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. Hələ 1992 – ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişlər.

1993-cü il iyunun 9-da Heydər Əliyev nəhayət xalqın və Respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı, bölgədə helə də davam edən qiyamın və qardaş qırğının qarşısını aldı. 1993-cü ilin iyun ayının 15-də Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində Respublika ərazisinə səpələnmiş cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibə təhlükəsinə, separatçı meyillərə son qoyularaq 1994-cü ildə atəşkəs elan olunmuşdur. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun Azərbaycanın yeni tarixini bütün mənalarda ikiyə böldü. Arxada total psixoz, dərəbəylik hakimiyyəti və siyasi hikklərin girovuna çevrilmiş Azərbaycan dövlətçiliyinin qaranlıq perspektivi, irəlidə isə sabitlik, inam və Azərbaycan dövlətçiliyinin qurtuluşu vardı. H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi bu illərdə təftiş etməyə çalışanlar çox olub, yəqin ki, belələri bundan sonra da tapılacaq. Bu təftişçilərin böyük əksəriyyəti 1993-cü il Azərbaycan dövlətçiliyini uçurumun kənarına gətirib, sonra kömək üçün Heydər Əliyevə müraciət etmiş şəxslərdir. Amma tarix tarixdir və o kimlərinsə iddiasına və istəyinə görə yazılmır.

Ulu öndərin həyatdan gedişi bizim üçün nə qədər ağır olsa da, özümüzü 1 tarixi gerçəklər ovundura bilirik : Bu Heydər Əliyevin qurduğu və bizlərə etibar etdiyi Azərbaycan dövlətidir. Bu dövlət hər ili başa vurduqca, onun hər uğurunun üzərinə yenisi əlavə olunduqca Ulu Öndərin ruhu şad olacaq. Nəticə etibarilə, Heydər Əliyevin böhran dövrlərində göstərdiyi qətiyyətli liderlik, təkcə onun siyasi uzaqgörənliyini deyil, həm də milli iradəni formalaşdırmaq bacarığını ortaya qoydu. O, yalnız idarəçilikdə deyil, həm də xalqla ruhən birləşməkdə mahir bir lider kimi tarixə həkk olundu. 1990-cı illərin siyasi, iqtisadi və sosial çətinlikləri fonunda Azərbaycanı parçalanmaqdan qoruyan, dövlət müstəqilliyini möhkəmləndirən və gələcək inkişafın bünövrəsini qoyan şəxsiyyət kimi onun rolu danılmazdır. Böhran anlarında qorxuya, təzyiqlərə və xaosa boyun əyməyən, əksinə, millətin birliyini və gələcəyə olan ümidini özündə təcəssüm etdirən Heydər Əliyev, bu torpağın yalnız lideri deyil, həm də milli iradəsinin simvoluna çevrildi. Bu gün müstəqil Azərbaycanın sabitliyi, beynəlxalq nüfuzu və inkişafı onun qoyduğu təməllərin üzərində yüksəlir. Tarix sübut etdi ki, gerçək liderlər yalnız səsvermələrlə deyil, ağır sınaqlardan alnıaçıq çıxaraq xalqın yaddaşında əbədi yaşayırlar. Ulu Öndərin sözü ilə desək :” İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz”.

Əfsanə İbrahimova,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi