10 may 2025 11:44
84

Pakistan XİN Hindistan ərazisinə zərbələrə dair açıqlama verdi

"Pakistan ordusu tərəfindən Hindistan ərazisinə endirilən zərbələr müdafiə xarakteri daşıyır".

“İki sahil” xəbər verir ki, bu sözləri Pakistanın xarici işlər naziri İshaq Dar "Geo TV"nin efirində deyib.

"Pakistan Silahlı Qüvvələri son regional gərginlik fonunda yüksək hazırlıq vəziyyətindədir və tam hazırdır. Son hərbi cavab sırf müdafiə xarakteri daşıyırdı", - deyə Dar bildirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət Hindistanı "səhvlərinin ciddiliyini dərk etməyə" məcbur etməlidir.

Həmçinin respublika ordusunun idarələrarası ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, Pakistan Silahlı Qüvvələri Hindistanın Sirsa şəhərində yerləşən aerodromu məhv edib.

Xatırladaq ki, Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Məlumata görə, Pakistan Silahlı Qüvvələri Hindistan ərazisində çoxsaylı strateji hədəfləri vurur, Bisdə "BrahMos" raket anbarı məhv edilir.