11 may 2025 08:45
145

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tar konserti keçirilib

Mayın 10-da Azərbaycanın Böyük Britaniyadakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tar konserti keçirilib.

"İki sahil" azərtac-a istinadən xəbər verir ki, tədbirə Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının nümayəndələri, tələbələr, diaspor fəalları qatılıb. Konsertdə Əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Rafiq Rüstəmov xalq və bəstəkar mahnıları səsləndirib. Tarzən Rafiq Rüstəmovu nağarada Malik Təbrizli müşayiət edib.

Konsertdən sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Ulu Öndərin Azərbaycan müsiqisinə, eləcə də sənətkar və musiqişünaslara hər zaman sevgi və qayğı ilə yanaşdığını deyərək onun tara və tar musiqisinə xüsusi rəğbətinin olduğunu xatırladıb. Səfir Süleymanov gözəl ifalara görə tarzən Rafiq Rüstəmova təşəkkür edib və Ulu Öndərin çox sevdiyi “Alagöz”, “Kimlər gəldi, kimlər getdi”, “Bayatı-Şiraz” muğamı kimi əsərlərin ifa edilməsinin tədbir iştirakçılarına duyğulu anlar yaşatdığını söyləyib.

Səfir Elin Süleymanov mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Ağdamda Muğam Mərkəzinin açıldığını qeyd edib. Ağdamda muğam sədalarının səsləndiyi bir zamanda Londonda Ulu Öndər Heydər Əliyevin doğum gününün ağdamlı sənətkarın ifasında tar sədaları altında qeyd edilməsinin simvolik əhəmiyyəti olduğunu vurğulayıb.

Elin Süleymanov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin əsasını qoyduğunu, müasir Azərbaycanın möhkəm təməllər üzərində qurulmasında və beynəlxalq nüfuzunun artırılmasında misilsiz rol oynadığını qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müdrik irsin uğurla davam etdirildiyini, Azərbaycanın regionda və beynəlxalq arenada güclü dövlət kimi tanındığını bildirib. E.Süleymanov Ulu Öndərin banisi olduğu müasir Azərbaycanın vətəndaşı olmağın böyük şərəf olduğunu və Azərbaycanın adını daim uca tutmağın hər bir azərbaycanlının borcu olduğunu əlavə edib.