Bu həftə London və Vaşinqton arasında ticarət sazişinin imzalanmasına baxmayaraq, ABŞ yaxın gələcəkdə Böyük Britaniya üçün tarifləri 10%-dən aşağı salmağı planlaşdırmır.
“İki sahil” “CNN” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Latnik bəyan edib.
“Biz gözləyirik ki, 10% baza rüsumu yaxın gələcəkdə qüvvədə qalacaq. Biz onu 10%-dən aşağı salmayacağıq”, - deyə o qeyd edib.
Bununla yanaşı, Latnik qeyd edib ki, Vaşinqton tariflər məsələsində çevik yanaşma nümayiş etdirmək niyyətindədir:
“Məsələn, polad, alüminium və təyyarə ehtiyat hissələri ilə bağlı biz bildirmişik ki, “Rolls-Royce”un istehsal etdiyi və “Boeing” təyyarələrinə quraşdırılan mühərriklərin tədarükünün davam etməsi üçün rüsum tətbiq etməyək”.
ABŞ və Böyük Britaniya mayın 8-də ticarət sazişinin bağlandığını elan ediblər. Razılaşmaya əsasən, Vaşinqton Britaniya avtomobil sənayesi məhsullarına tətbiq edilən rüsumları 27,5%-dən 10%-ə endirəcək. Britaniya mallarının ABŞ-yə idxalı üçün yeni qaydalar yaxın vaxtlarda qüvvəyə minəcək.