İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi və bağlanış mərasimi keçirilib.
Dövlət Vergi Xidmətindən "İki sahil"ə bildirilib ki, Ulu Öndərin xatirəsinin yad edilməsi ilə başlayan turnirin final mərhələsində 22 komanda arasında yarış keçirilib, iştirakçılar öz intellektual bacarıqlarını nümayiş etdiriblər. Yekunda ən yaxşı nəticə göstərən 3 komanda yarışın qalibi olub.
Mükafatlandırma mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qalib komandaları təbrik edib. Qeyd olunub ki, bu bilik yarışması əməkdaşların erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından böyük əhəmiyyətə malikdir. Hər bir vergi əməkdaşı gündəlik fəaliyyətində çoxlu məlumat axını ilə işləyir, qanunvericiliyi tətbiq edir, vergiödəyiciləri ilə ünsiyyət qurur, riskləri qiymətləndirir və nəticəyə yönələn qərarlar verir. Bütün bunlar məhz yüksək intellektual səviyyə, soyuqqanlılıq və stresə davamlılıq tələb edir.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Birinci yeri “Şahdağ”, ikinci yeri “Öhdəlik”, üçüncü yeri isə “Tax GPT” komandası tutub. Qalib komandalara kubok, medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub. “Ən yaxşı oyunçu” nominasiyası üzrə birinci yerə layiq görülən komandanın üzvləri arasından qalib seçilərək müvafiq kubokla mükafatlandırılıb.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunlarına fevral ayında start verilib, turnirdə ümumilikdə 300-dən çox iştirakçı, 44 komanda iştirak edib.