14 may 2025 14:30
120

Millət vəkili şəhid ailəsi ilə görüşüb

Millət vəkili Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun nənəsinin yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Onu qeyd edək ki, Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci il tarixdə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən sonra 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb.

Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizim kollecinə daxil olsa da gizirlik kursunu keçib, təyinatını N saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi  və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə  yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də isə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.

Rəşad Mirzəlinin doğulduğu kənddə onun adına bulaq inşa edilib, oxuduğu məktəbdə adına güşə düzəldilib.

Sonda mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.