16 may 2025 12:45
113

"Enterprise Azerbaijan" portalı “Startup School 3” layihəsini Gəncədə təqdim etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı Gəncədə yerləşən ali təhsil müəssisələrində “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramını təqdim edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Gəncə Dövlət Universitetində təşkil edilmiş infosessiyalarda startap komandalarına və startap ekosistemində özünü sınamaq istəyən gənclərə innovativ sahibkarlıq istiqamətində yerli və qlobal bazarın perspektivləri, bu sahədə metodoloji yanaşmalar haqqında məlumat verilib.

Sessiyanın əsas məqsədi tələbələri yaşıl texnologiyalar və rəqəmsal transformasiya istiqamətlərində beynəlxalq innovasiya mühitinə cəlb etmək, eləcə də onların təşəbbüskarlıq və startap fəaliyyətində uğurlu biznes modelin qurulması bacarıqlarının inkişafına dəstək göstərmək olub.

Təqdimatla çıxış edən "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov akselerasiya proqramının məqsəd və mərhələləri, habelə iştirakçılara yaradılan imkanlar barədə ətraflı məlumat verib. Akselerasiya proqramı çərçivəsində dünyanın qabacıl təcrübəyə malik ekosistemlərindən cəlb olunmuş mütəxəssislərin startapçılara verəcəyi təlim-mentorluq dəstəyi, investorlara çıxış imkanları və sair fürsətlərdən faydalanmaq yolları izah edilib.

“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı Mərkəzi Asiya və İpək Yolu ölkələrindən olan startapların iştirakını əhatə edir. Proqramın əsas hədəfi gənc innovatorların bilik və bacarıqlarını inkişaf etdirmək, onları qlobal bazarlara hazırlamaq və dayanıqlı texnoloji həllərin yaradılmasını təşviq etməkdir. Akselerasiya proqramına startapların qeydiyyatı cari ilin avqust ayının 1-ə kimi davam edəcək.