Nərimanov rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev və nəqliyyat strategiyası” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev və nəqliyyat strategiyası” mövzusunda tədbir keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”də təşkil olunan tədbirdə ilk öncə Heydər Əliyevin büstü önünə tər-gül dəstələri qoyularaq dahi şəxsiyyətin xatirəsinə ehtiram ifadə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş sözü ilə çıxış edən Agentliyin sədri Anar Rzayev Ulu Öndər Heydər Əliyevin ölkəmizin nəqliyyat strategiyasının formalaşmasındakı əvəzsiz rolundan danışıb. A. Rzayev fenomenal şəxsiyyət olan Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini – YAP üzrə ƏPT sədri Asif İsmayılov çıxış edərək, Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, müstəqil dövlətçilik təfəkkürünün formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin, həyat və fəaliyyətinin hər bir məqamının Azərbaycan xalqının qürur və iftixar mənbəyi olduğunu bildiriblər.
Tədbir, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.