17 may 2025 14:54
118

Səhiyyə nazirinin müavini: Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə səhiyyənin və tibb elminin inkişafına böyük töhfə verib. Səhiyyə, elm, təhsil daim Ulu Öndərin diqqət mərkəzində olub. O vaxtlar bir çox xəstəxanalar, poliklinikalar açılıb, yüzlərlə gənc Sovet İttifaqının aparıcı mərkəzlərinə təhsil almağa göndərilib, ölkəmizdə elm və təhsil ocaqları yaradılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresdəki çıxışında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

O bildirib ki, Elmi Tədqiqat və Kardiologiya İnstitutunun yaradılması birbaşa Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun iştirakı ilə açılışı keçirilib: “Azərbaycanın mürəkkəb dövründə - 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdanda yenə də həmin vaxtın bir çox problemləri arasında səhiyyə və tiblə bağlı məsələlərə böyük diqqət yetirildi. O vaxtlar ölkəmizdən qardaş Türkiyəyə təhsil almağa yüzlərlə gənc, tələbə göndərildi. Onların bir qismi tibb sahəsi üzrə idi və bəziləri sonradan cərrahiyyə ixtisası üzrə inkişaf edib ölkəyə qayıdıblar. Həmin o tələbələrdir ki, sonradan müstəqil Azərbaycanda milli kardiocərrahiyyənin əsasını qoydular, onu inkişaf etdirdilər. İndi həmin şəxslər bizim hörmətli professorlarımızdır və onların tələbələri var. Bunlar hamısı ölkəmizdə kardiocərrahiyyəni irəli aparan qüvvədir”.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da səhiyyə, tibb elmi və tibb təhsilini diqqət mərkəzində saxlayırlar: “Müstəqil Azərbaycanda tibb və səhiyyə sahəsində bilavasitə ölkə rəhbərliyinin nəzarəti ilə çox vacib islahatlar aparılır. Bunların arasında ən vacibi səhiyyənin yeni maliyyələşmə sisteminə keçməsidir. Bu da icbari tibbi sığorta sisteminin tətbiqidir. Bir çox yüksək texnologiya tələb edən və bahalı əməliyyatlar, müalicə üsulları əvvəllər əhalinin müəyyən təbəqəsinə əlçatan deyildi. Bu sistemin tətbiqi hesabına indi onlar əlçatandır”.