18 may 2025 14:14
139

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib

Mayın 17-də beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı start götürüb. Analitik təhlil imtahanı 4 sessiya olmaqla, 2 gün ərzində keçirilir.

“İki sahil” xəbər verir ki, mayın 18-də Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunan imtahan saat 10-da başlayıb və üç saat davam edib.

Məlumat üçün bildirək ki, ümumi qaydalara uyğun olaraq namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 saatlarında imtahanda iştirak edə bilərlər. Bundan əlavə, xaricdə yaşayan namizədlər üçün də distant formatda, proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahanlar təşkil edilib.

Xatırladaq ki, əyani mərhələnin birinci turu olan Analitik təhlil imtahanında 7256 namizəd iştirak hüququ qazanıb.

İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla, 3 blok üzrə aparılır. Qeyd edək ki, imtahana ümumilikdə 3 saat vaxt ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur. Analitik təhlil imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 18-də Sərəncam imzalanıb.