26 may 2025 12:48
281

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Urumçiyə səfər edib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Urumçi şəhərinin meri cənab Yaqub Paydullanın rəsmi dəvəti ilə Urumçi şəhərinə səfər edib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində Urumçi şəhərinin Meri cənab Yaqub Paydulla ilə görüşü keçirilib.

“İki sahil” xəbər verir ki,  görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair imzalanmış Niyyət Məktubu"na uyğun olaraq ikitərəfli münasibətlərin qurulması müzakirə edilib.

Müzakirələr çərçivəsində Naxçıvan şəhəri ilə Urumçi şəhəri arasında iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanları təklif edilib. Həmçinin əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin müzakirəsi üçün Urumçi şəhərinin rəhbərliyi Naxçıvan şəhərinə rəsmi səfərə dəvət edilib.

Qeyd edək ki, rəsmi səfərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov da iştirak edir.

Səfər çərçivəsində Urumçi şəhərinin İdarəetmə Mərkəzi ilə tanışlıq olub. Görüşdə İdarəetmə Mərkəzinin şəhərin kommunal sahələrinin  vahid mərkəzdən operativ idarə olunmasında rolu, həmçinin fövqəladə halların aradan qaldırılmasında fəaliyyəti haqqında ətraflı məlumat verilib.