Heydər Əliyev Fondunun dəstəyi ilə istedadlı gənc müğənni, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan Səbinə Əsgərova bu ilin fevral-may aylarında, 3 aylıq müddətdə İtaliya və İspaniyada vokal bacarıqlarını təkmilləşdirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşı olan S. Əsgərova səfər zamanı İtaliyanın Korbetta şəhərində La Skala Teatrının tanınmış tenoru Andrea Semeraronun ustad dərslərində iştirak edib.
“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dərslərdə səs imkanlarını genişləndirən ifaçı Korbetta şəhər Meriyasının binasında solo konsert proqramı ilə çıxış edib və şəhər meri Marko Ballarini tərəfindən sertifikatla təltif olunub. Daha sonra Barselonadakı (İspaniya) “Shine” musiqi məktəbinin müəllimi, müğənni və gitaraçı Ceyms Sedqvikin vokal kurslarını uğurla başa vuraraq sertifikatlar alıb.
Üç yaşında görmə qabiliyyətini itirən, altı yaşından fortepiano ifa etməyə başlayan S. Əsgərova sonralar vokal üzrə dərslərə qoşulub və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada müğənniliyi fakültəsində təhsil alıb.
Bir neçə musiqi alətində də ifa etmək bacarığı olan gənc istedadımız son iki ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi və dulusçuluq üzrə təlimlərdə iştirak edib və 2023-cü ildən mərkəzdə çalışır.