“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı və Kürdəmir Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Rüstəmov giriş sözü ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, xalqımızın dövlətçilik tarixində silinməz iz qoyması, Şərqdə ilk demokratik və hüquqi dövlət nümunəsi kimi tanınmasını qeyd edərək bildirilib ki, məhz bu irs müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir.
Çıxışçılardan “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması – tarixi ədalətin hökmü idi” mövzusunda Muğanlı kənd tam orta məktəbinin müəllimi Afaq İbişova, “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Heydər Əliyevin rolu” mövzusunda YAP Kürdəmir rayon təşkilatı aparatının əməkdaşı Məhəmməd Heydərli, “Azərbaycan Xalq Cümhuriyyəti və milli mədəni intibah” mövzusunda Mərkəzi Kitabxanalar Sisteminin əməkdaşı Şahnaz Məcidova, “Konstitusiya quruluşunun və suverenliyin tam təmin edilməsi tarixi nailiyyətdir” mövzusunda şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülbəniz İbrahimova bildiriblər ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Cümhuriyyətin yaranması millətimizin özünütəsdiq aktı idi. Çünki xalqın millət kimi formalaşmasının ən mühüm göstəricisi müstəqil milli dövlətin yaranmasıdır ki, 1918-ci ildə Azərbaycan xalqı buna nail ola bilmişdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1991-ci ilin oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Natiqlər vurğulayıblar ki, 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilib, bir il sonra isə milli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edilib. Diqqətə çatdırılıb ki, Xankəndidə, Şuşada və işğaldan azad edilən ərazilərimizdə dalğalanan üçrəngli Azərbaycan bayrağı gələcək nəsillər üçün unudulmaz dövlətçilik mirasıdır.
Sonda rayonun icra başçısının müavini Ağali Kərimli çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə qədəm qoymuşdu. Ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Məhz belə tarixi məqamda azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünyaşöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etrdi. Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı. Ulu Öndər Heydər Əliyevin müstəqilliyini qoruduğu və möhkəmləndirdiyi Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında tarixdə özünün ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyev Azərbaycanın 30 il işğala məruz qalmağına son qoyaraq xalqımızı öz ətrafında bir yumruq şəkilində birləşdirməklə ölkəmizin ərazi bütövlüyünü tam şəkildə təmin edən Müzəffər Ali Baş Komandandır.