Təqdim edilmiş məlumatlara əsasən, dövlət sifarişi çərçivəsində publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləği 958,5 milyon manat təşkil etmiş və bu, əvvəlki ildən 2,2 dəfə çox olub. Məbləğin artımına institusional dəyişikliklər təsir edib. Dövlət sifarişi ilə yanaşı, dövlət büdcəsinin ayrı-ayrı istiqamətləri üzrə ümumilikdə təxminən 9 milyard manatdan çox vəsait publik hüquqi şəxslər tərəfindən icra edilib.
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin iyunun 3-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Hesablama Palatasının sədri qeyd edib ki, bu məbləğə dövlət əsaslı vəsait qoyuluşunun, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasının, ehtiyat fondlarının, dövlət sifarişi ilə bağlı olmayan digər istiqamətlərin xərcləri də daxil edilib.
“Bununla bərabər, hesabat ilində təxminən 8 milyon manat məbləğində büdcə krediti, 500 milyon manat dövlət subsidiyası və ssudalar verilib. Hesab edirik ki, büdcə mexanizmlərini təfsilatlı tənzimlənməyə imkan verən Qaydaların - prosedur və ya meyarları özündə əks etdirən tənzimlənmənin hazırlanması maliyyə nəzarəti baxımından çox əhəmiyyətlidir”, - deyə Vüqar Gülməmmədov əlavə edib.