04 iyun 2025 18:35
156

Qarabağ Universitetinin rektoru Ağdamda abituriyentlərlə görüş keçirib

Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərlə görüş keçirib. 

“İki sahil” xəbər verir ki, Ağdam Muğam Mərkəzində keçən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Ağdam rayonu üzrə təhsil sektorunun müdiri Tahir Abbasov və abituriyentlər iştirak ediblər.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digərləri tarixi torpaqlarımız olan Qarabağda elmə və təhsilə hər zaman xüsusi diqqət və qayğı göstərilməsindən, Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində atılan ən önəmli addımlardan biri olmasından danışıb. 

Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yenidən qurulan Qarabağ Universitetinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə elmin və təhsilin inkişafına verdikləri dəyərin, diqqət və qayğının daha bir bariz nümunəsi olmasından bəhs ediblər. 

 Görüşdə Universitetin rektoru Şahin Bayramov abituriyentlərlə Qarabağ Unversitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verib. 

Tədbirin sonunda Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin və Ağdam Musiqi Kollecinin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib.