16 iyun 2025 16:53
115

Pakistan İranla sərhəd-keçid məntəqələrini bağlayıb

İyunun 16-da Pakistan hökuməti Tel-Əviv və Tehranın intensiv hava zərbələri fonunda və iki ölkənin bir-birini növbəti hücumlarla hədələməsi səbəbindən qonşu İranla bütün sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayıb.

"İki sahil" xarici mediaya istinadla xəbər verir ki, İranla həmsərhəd olan Bəlucistan əyalətinin rəsmisi Qadir Baxş Pirkani AFP agentliyinə bildirib: "Bütün həmsərhəd beş rayonda - Çaqi, Vaşuk, Pəncqur, Keç və Qvadarda sərhəd məntəqələrinin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Bununla belə, sərhəddə ticarət üçün heç bir qadağa yoxdur və İrandan ölkəsinə qayıtmaq məcburiyyətində olan Pakistan vətəndaşları məntəqələrdən keçə bilərlər. Bu gün təxminən 200 pakistanlı tələbənin gəlməsini gözləyirik”.

Bazar günü Pakistanın xarici işlər naziri İshaq Dar 450 pakistanlı zəvvarın İrandan, həmçinin şiə müqəddəs yerlərində olan İraqdan təxliyə edildiyini bildirib. Pakistanın müdafiə naziri Xavaca Asif bazar ertəsi günü dünyanın “İsrailin nüvə qüdrəti ilə bağlı ehtiyatlı və tədbirli olması” barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Pakistan İranla 900 kilometrdən çox sərhədə malikdir. İki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi təxminən 3 milyard dollar təşkil edir və rəsmilər yaxın illərdə onu 10 milyard dollara çatdırmağa söz veriblər.