İyunun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İran prezidentləri ilə telefon danışığı aparıb.
"İki sahil" Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin bəyanatına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə söhbətində İsrail ilə İran arasında münasibətlərin növbəti dəfə gərginləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Türkiyə Prezidenti Ankaranın ilk gündən qarşılıqlı hücumları dayandırmaq üçün diplomatik səylər göstərdiyini vurğulayıb və əlavə edib ki, İran problemini həll etməyin yeganə yolu diplomatiyadır.
Türkiyə dövlətinin başçısı İran Prezidenti Məsud Pezeşkianla söhbətində ziddiyyətlərin tez bir zamanda aradan qaldırılmasına və İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasına töhfə verməyə hazır olduğunu bəyan edib.
Ərdoğan bildirib ki, Ankara Türkiyənin yerləşdiyi bölgədə sülhün və sabitliyin qorunmasına xüsusi diqqət yetirir.