17 iyun 2025 18:21
98

Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük - COP30-un icraçı direktoru

COP29-a hazırlıq dövründən başlayaraq azərbaycanlı həmkarlarımızla çox sıx əməkdaşlıq edirik. Bu güclü tərəfdaşlığı COP30-a hazırlıq zamanı da davam etdiririk. Hazırda Bonn şəhərində iqlim görüşlərindəyik. Azərbaycanın ev sahibliyi etdiyi COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin buradakı iclasın başlanması üçün çalışdığını görürəm. Aydındır ki, o, danışıqları aparır və biz də bununla bağlı Azərbaycanın bütün ehtiyaclarına dəstək verməyə hazırıq.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Braziliyanın iqlim dəyişikliyi üzrə katibi, COP30-un icraçı direktoru Ana Toni deyib.

“Bu həftə TROYKA görüşümüz də olacaq. Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük. Hələ tam hazır deyilik, amma COP30 başlayana qədər tam hazır olacağıq.

COP30 olaraq qərara gəlmişik ki, COP29-da karbon bazarları üzrə Paris Sazişinin 6-cı maddəsi və yeni iqlim maliyyələşməsi məqsədi (CQG) ilə bağlı qaydalar toplusu yekunlaşdırıldıqdan sonra, biz danışıqların davam etdirilməsi ilə yanaşı, daha geniş fəaliyyət gündəmini canlandırmaq istəyirik. Burada əsas məsələlər uyğunlaşma (adaptasiya) və ədalətli keçiddir (just transition).

Azərbaycanla birgə 1.3 trilyon dollar üzrə hesabat təqdim etməliyik. Eyni zamanda, fəaliyyət gündəmini yenidən aktivləşdirmək niyyətindəyik. Bunu həm Azərbaycanın, həm də Braziliyanın iqlim üzrə çempionları ilə birlikdə həyata keçiririk. Onlar hazırda “qlobal mutirao” adlandırdığımız təşəbbüs üzərində işləyirlər. Bu, ortaq məqsəd uğrunda birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.

Biz özümüzlə yanaşı, özəl sektor, vətəndaş cəmiyyəti və submilli hökumətləri də bu prosesə cəlb etmək istəyirik ki, COP28-də razılaşdırılmış Qlobal İcmalın (Global Stocktake) icrasını təmin edə bilək.

COP29-da qaydalar kitabı tamamlandı. İndi isə yeni bir onillik üçün icra dövrü başlayır. Biz də bunun hazırlığını görürük. Ümid edirik ki, bu həftə fəaliyyət gündəmimizi də elan edə biləcəyik.

Amma ilk növbədə diqqətimizi ciddi danışıqlara yönəltməliyik və təəssüf ki, Bakıda tamamlaya bilmədiyimiz məsələləri burada – Bonn şəhərində yekunlaşdırmalıyıq. Bizim üçün ən vacib olan bu üç məsələdir: Qlobal İcmal üzrə dialoq, ədalətli keçid və uyğunlaşma. Ümid edirik ki, bu üç məsələ üzrə Bonda irəliləyişə nail olacağıq”, - deyə Ana Toni vurğulayıb.