23 iyun 2025 12:57
98

“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Efiopiya dövlətinə səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Temesgen Tirunehlə görüşüb.

“İki sahil” xəbər verir ki,  agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Efiopiya tərəfi “ASAN xidmət” təcrübəsi əsasında qurulan “MESOB” mərkəzinin formalaşmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib. Ölkəmizin qabaqcıl təcrübəsi əsasında burada fəaliyyət göstərən dövlət xidmətləri mərkəzlərinin sayının daha da artırılacağı diqqətə çatdırılıb.

Dövlət Agentliyinin sədri “MESOB” dövlət xidmətləri mərkəzinin fəaliyyətinin vətəndaşların yüksək etimadını qazanacağına əminliyini ifadə edib və növbəti mərkəzlərin yaradılması zamanı Efiopiya tərəfinə dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə Afrika İttifaqı Komissiyası sədrinin müavini Selma Haddadi arasında da görüş keçirilib. Sədr müavininə “ASAN xidmət”, eləcə də, dövlət xidmətlərinin göstərilməsi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən müxtəlif innovativ layihələr barədə təqdimat edilib.

Afrika İttifaqı Komissiyasının nümayəndəsi öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib. O, bu təcrübənin ittifaqa üzv dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Dövlət Agentliyinin sədri Efiopiyanın Süni İntellekt İnstitutunun rəhbəri, həmçinin İnvestiya Komissiyasının rəhbəri ilə də görüşüb. Görüşlər çərçivəsində dövlət xidmətləri sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.