23 iyun 2025 14:34
111

Qızların təhsili cəmiyyətin davamlı inkişafında strateji rol oynayır

Qızların, qadınların təhsilə cəlb olunması əhəmiyyətli məsələdir. Müxtəlif tədqiqatların nəticələri anaların təhsilli olmasının gələcək nəslin daha savadlı, hazırlıqlı və sosial cəhətdən aktiv formalaşmasında mühüm rol oynadığını təsdiqləyir. Qadınların təhsil sisteminin bütün pillələrində geniş təmsil olunması yalnız gender bərabərliyinə deyil, ümumilikdə cəmiyyətin intellektual və sosial inkişafına xidmət edir. Bu baxımdan, gənc qızların təhsilinə yönəlik layihələrin və təqaüd proqramlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının məzun günündə çıxışı zamanı səsləndirib.

Nazir, həmçinin vurğulayıb ki, belə təşəbbüslər xeyriyyəçilik ənənələrinin müasir dövrdə yenidən canlandırılmasına və cəmiyyətin sosial məsuliyyət hissinin güclənməsinə şərait yaradır: “Cəmiyyətin inkişaf səviyyəsi onun qadın üzvlərinin intellektual və sosial inkişafından birbaşa asılıdır. Güclü qadınların mövcudluğu kişilərin zəifliyi deyil, əksinə, bütövlükdə cəmiyyətin güclənməsi deməkdir. Bu baxımdan, həm dövlət, həm də özəl sektorun əməkdaşlıq çərçivəsində təhsilə dəstək göstərməsi vacibdir”.

Əlavə olaraq, nazir bu kimi layihələrin regionlarda yaşayan qızların təhsilə çıxış imkanlarını artırmaqla sosial bərabərsizliyin aradan qaldırılmasına da töhfə verəcəyini bildirib. O, təhsil sahəsində inklüzivliyin təmin olunmasının uzunmüddətli milli inkişaf strategiyasının əsas sütunlarından biri olduğunu qeyd edib.