Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub
“İki sahil” xəbər verir ki, Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti toplantıda iştirak edib.
Qırğız Respublikasının Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev və TDT Baş katibi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.
Tədbiri giriş sözü ilə açan Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.
Qlobal iqlim dəyişikliyinin aqrar aqro-ərzaq sistemləri və ərzaq təhlükəsizliyinin təmin olunması prosesinə ciddi risklər yaratdığını vurğulayan nazir Məcnun Məmmədov, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub. Nazir COP29-da yüksək səviyyədə təmsil olunduğuna görə TDT ölkələrinə təşəkkürünü ifadə edib.
Səmərəli kənd təsərrüfatı diplomatiyasını qlobal aqro-ərzaq sisteminin üzləşdiyi çoxsaylı çağırışları və təhdidləri aradan qaldırmaq üçün mühüm vasitə adlandıran nazir Məcnun Məmmədov əlavə edib ki, TDT ölkələri arasında ticarət əlaqələri daha da möhkəmləndirilməli və ölkələrimizin əsas kənd təsərrüfatı məhsullarının aparıcı ixracatçılarına çevrilməsi üçün birgə səylər artırılmalıdır. O, vurğulayıb ki, TDT ölkələrinin müasir nəqliyyat infrastrukturu, zəngin enerji resursları, azad iqtisadi zonaları və əlverişli investisiya mühiti biznes icmalarının uğurlu fəaliyyəti üçün əhəmiyyətli üstünlüklər yaradır. Bu il Türk İnvestisiya Fondunun rəsmi fəaliyyətə başlaması gözlənilir. Bunu əsas gətirən nazir Məcnun Məmmədov qeyd edib ki, Fondun imkanlarından aktiv istifadə edərək TDT brendi altında birgə istehsala yönəlmiş pilot layihələr həyata keçirilməlidir.
Nazirlər Toplantısında müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.
Öncədən müəyyən edilən meyarlar əsasında 2025-ci ilin sentyabr ayından etibarən Qırğız Respublikasının Çolpon-Ata şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı elan edilib. TDT Kənd Təsərrüfatı Nazirlərinin növbəti toplantısının Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub, Kənd Təsərrüfatı üzrə İşçi Qrupunun 2026-cı il üçün xüsusi Fəaliyyət Planı hazırlamasına qərar verilib.
Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə aqro-ərzaq sisteminin dayanıqlığının təmin olunması, aqrar sahədə innovasiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi, TDT çərçivəsində kənd təsərrüfatı kooperasiyası fəaliyyətlərinin həyata keçirilməsinə dəstək və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib.