25 iyun 2025 16:20
155

Azərbaycana turist gəlişi 1,5% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə "İki sahil"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan - 1,7 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 44,3 faiz, Qırğızıstandan - 39,5 faiz, Yaponiyadan - 35,4 faiz, Pakistandan - 21,1 faiz, Qazaxıstandan - 20,4 faiz, Cənubi Koreyadan - 18,2 faiz, Niderlanddan - 17,7 faiz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən - 17,5 faiz, Kanadadan - 17,0 faiz, ABŞ-dan - 16,0 faiz, İspaniyadan - 15,7 faiz, Hindistandan - 15,1 faiz, İtaliyadan - 13,2 faiz, Misirdən - 10,6 faiz artmışdır.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 faiz artaraq 39,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 faiz azalaraq 153,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 326,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,4 faiz artaraq 460,5 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.