Aqroparklar, həmçinin ərzaq təhlükəsizliyinin təminatında, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır
Ölkəmizdə həyata keçirilən uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, fermerlərə göstərilən maliyyə dəstəyi, aqrar sektorda tətbiq edilən vergi güzəştləri əkin-biçin adamında təşəbbüskarlığı və sabaha inamı xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda aqrar sektorda qabaqcıl texnologiyalara və müasir innovativ idarəetmə sisteminə əsaslanan yeni tipli müəssisələr yaradılır. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən aqroparklar xüsusi qeyd edilməlidir. Ölkənin aqrar sektorunun inkişafı məqsədilə işlənib hazırlanmış yeni inkişaf konsepsiyasının mühüm istiqamətlərindən sayılan aqroparklar ərzaq təhlükəsizliyinin təminatında, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılmasına mühüm töhfələr verir.
Xatırladaq ki, Azərbaycanda aqroparklar 2014-cü ildən etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda işsiziliyin aradan qaldırılması və idxaldan aslılığın azaldılması məqsədilə yaradılıb. Mövcud aqroparkların fəaliyyətinə nəzarəti isə İqtisadiyyat Nazirliyinin nəzdində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir. Yeri gəlmişkən, adı çəkilən qurum ölkədə fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.
Hazırda Azərbaycanda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Artıq 23 aqropark fəaliyyətə başlayıb, 1 parkda isə tikinti-quraşdırma işləri davam etdirilir. Müasir kənd təsərrüfatı sahələrinin 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Məlumata görə, mövcud aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 milyard manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb. Məlum olduğu kimi, aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanır. Bununla yanaşı, dövlət tərəfindən də bu sahədə mühüm dəstək tədbirləri həyata keçirilir. Ötən müddətdə ölkədə aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, investisiya təşviqi sənədi almış 17 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.
Prezident İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov aqropark barədə dövlətimizin başçısına məlumat verib. Bildirib ki, ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. Aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar. Səmərəliliyin artırılması üçün aqroparkda “ağıllı” idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulur. Görülən işlərin davamı olaraq sənaye zonasında logistik mərkəz, emal müəssisələri, eləcə də heyvandarlıq kompleksi və məhsulların topdansatış bazarı da yaradılacaq. Diqqətə çatdırıldı ki, aqroparkın ərazisinin 1.185 hektarını çoxillik əkin, 1.298 hektarını birillik əkin, 141 hektarını sənaye zonası, 183 hektarını isə kommunikasiya xətləri və mühafizə zolaqları təşkil edir.
Qeyd edək ki, regionların tarazlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir. Elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan bu cür müasir infrastruktur aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsul istehsalında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Hazırda ölkədə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb. 2015-ci ildən 2025-ci ilin I rübü də daxil olmaqla sənaye zonalarında ümumilikdə 16 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun 5 milyard manatdan çox hissəsi ixrac edilib.
Sevinc Azadi, “İki sahil”