27 iyun 2025 18:14
111

Overçuk: Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır

Rusiya İrəvanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmağa yönəlmiş yeni normalarının Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olması barədə Ermənistana məktub hazırlayır.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Ermənistan parlamenti Avropa İttifaqına qoşulmaq niyyətini əks etdirən qanun qəbul edib. Biz Ermənistanda bu istiqamətdə hadisələrin inkişafını diqqətlə izləyirik. Biz həmişə Ermənistan xalqının seçiminə hörmət edəcəyik, lakin Nikol Vovayeviç Paşinyan da təsdiqləyib ki, Ermənistanın eyni vaxtda Avrasiya İqtisadi İttifaqında və Aİ-də olması qeyri-mümkündür", - Overçuk jurnalistlərə bildirib.

O qeyd edib ki, Rusiya Ermənistanın Aİ ilə yaxınlaşması çərçivəsində gedən prosesləri müşahidə edir.

"Ermənistan Respublikasının normativ-hüquqi bazasında Avrasiya İqtisadi İttifaqının üzvü olmayan dövlətlərdən daxil olan ərzaq məhsullarının sertifikatlaşdırılması qaydalarını sadələşdirən normativ aktlar meydana gəlir. Bu o deməkdir ki, Avrasiya İqtisadi İttifaqının daxili bazarına bizim tələblərimizə uyğun olmayan məhsullar daxil ola bilər. Biz bu məsələni Avrasiya İqtisadi Komissiyası Şurasının müzakirəsinə çıxarırıq", - o əlavə edib.

Overçuk bildirib ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ünvanına "bu hərəkətlərin Avrasiya İqtisadi İttifaqının normalarına zidd olduğu" barədə məktubu imzalamağı planlaşdırır.

"Biz müvafiq tədbirlərin görülməsi məsələsinə baxacağıq", - o vurğulayıb.