29 iyun 2025 16:11
167

Milli Məclisin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Buna səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasıdır.

Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan parlament nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub.