29 iyun 2025 20:55
231

Rusiyada azərbaycanlılara və digər xalqlara qarşı dövlət səviyyəsində etnik diskriminasiya və zorakılıq siyasəti həyata keçirilir - RƏY

Hazırda Rusiya Federasiyasında azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər qeyri-slavyan millətlərə qarşı açıq-aşkar şovinist və irqçi dövlət siyasəti yürüdülməkdədir. Əgər Rusiya bu gün slavyan mənşəli, dili və dini yaxın olan Ukrayna xalqına qarşı amansız müharibə aparmaqdan çəkinmirsə, qeyri-slavyan xalqlara qarşı daha qəddar münasibətin şahidi olmaq təəccüblü deyil. Bu, imperiya refleksinin və rus şovinizminin ideoloji davamıdır. Tarix boyu Rusiya imperiyası tabeçiliyində olan xalqları nəzarət altında saxlamaq üçün müxtəlif üsullara əl atmışdır. SSRİ dövründə repressiyalar, deportasiyalar və milli azlıqların hüquqlarının tapdanması bunun nümunəsidir. Bu gün isə repressiya yeni formada – hüquq-mühafizə orqanları vasitəsilə sistemli zorakılıqla həyata keçirilir. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirdi.

Onun sözlərinə görə etnik, dini və irqi ayrı-seçkilik siyasəti  Rusiya imperiya siyasətinin yeni mərhələsi, daha sərt və açıq təzahürüdür. Hüquq-mühafizə orqanları isə bu siyasətin həyata keçirilməsində xüsusi canfəşanlıq göstərir.  Rusiya hüquq sistemində son dövrlərdə meydana çıxarılan “etno-cinayətkarlıq” termini isə, əslində, qeyri-rus xalqlarının təqsirli təqdim edilməsinin hüquqi çərçivəsini yaratmaq məqsədi daşıyır. Bu, etnik mənsubiyyətə görə vətəndaşları kriminal kateqoriyaya salmaq üçün istifadə olunan siyasi alətdir. Beynəlxalq hüquq müdafiə institutları da bu vəziyyətdən narahatdır. BMT-nin İrqi Ayrıseçkiliyin Ləğv Edilməsi Komitəsi (CERD) 2023-cü ilin iyun ayında Rusiyaya dair qəbul etdiyi Yekun Müşahidələrdə açıq şəkildə bildirib ki, “Mərkəzi Asiyadan və Qafqazdan olan miqrantlar, eləcə də Afrika mənşəli insanlar Rusiya hüquq-mühafizə orqanları tərəfindən sistemli şəkildə irqi motivli zorakılığa məruz qalırlar.”

Ramil İskəndərli qeyd etdi ki, son aylarda baş verən hadisələr, o cümlədən Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər bir daha sübut etdi ki, Rusiyada hüquq-mühafizə orqanları etnik əsasda insanlara qarşı zor tətbiq edir. OMON və polis əməkdaşlarının həyata keçirdiyi bu vəhşiliklər 1990-cı illərdəki “skinhead” hərəkatını belə kölgədə qoyur. O zamanlar bu funksiyanı radikal qruplar yerinə yetirirdisə, bu gün artıq həmin vəzifəni dövlətin güc strukturları boynuna götürüb. Hətta Stalinin dövründə belə repressiyalar müəyyən “qaydalarla” aparılırdı – insanlar məhkəmə qərarı ilə düşərgələrə göndərilir, formal da olsa prosedurlar gözlənilirdi. Bu gün isə Rusiyada insanlar küçədə, evində, ictimai yerlərdə döyülür, zorakılığa məruz qalır, işgəncəyə məruz qalır – həm də cəzasızlıq şəraitində.

Rusiya tarixən Azərbaycanın suverenliyini qəbul etməyib. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı və 30 il ərzində həmin ərazilərin saxlanması proseslərində Moskvanın dəstəyi danılmazdır. Azərbaycanın strateji qərarlarına, beynəlxalq müstəqilliyinə qarşı Rusiya tərəfindən həyata keçirilən təzyiqlər, informasiya və kiberhücumlar, Rusiya ərazisində Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması bu siyasətin davamıdır. Son olaraq, Rusiya Federasiyası Azərbaycanın millət vəkilini öz ərazisinə buraxmamaqla diplomatik münasibətləri belə zədələməyə başlamışdır.
Bu, artıq daxili məsələ deyil. Rusiyanın dövlət orqanları tərəfindən həyata keçirilən etnik əsaslı cinayətlər, BMT-nin və digər beynəlxalq qurumların gündəminə çevrilməli, bu zorakılıqlar beynəlxalq hüquqa uyğun şəkildə qiymətləndirilməlidir. Əks təqdirdə, bu cəzasızlıq mədəniyyəti regionda daha böyük humanitar fəlakətlərə yol aça bilər.

Yaqut Ağaşahqızı,”İki sahil”