12 iyul 2025 01:50
333

Psixoloji yüklənmə: Səbəbləri və çıxış yolları?

Son illər cəmiyyətdə müşahidə olunan aqressiya, qəzəb, nifrət və psixoloji gərginlik getdikcə artır. İnsanlar daha çox özünə qapanır, emosiyalarını idarə edə bilmir, nəticədə isə zorakılıq, qətllər və intiharlar kimi ağrılı hadisələrin sayı çoxalır. Bəs bu narahatedici mənzərənin kökündə hansı səbəblər dayanır: Sosial, ailə qayğıları, yoxsa fərdi sarsıntılar? “İki sahil”in Məhz bu və digər mühüm suallarına “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva  cavab verir.

- Cəmiyyətdə aqressiya, nifrət, qərəz və kin hisslərinin artmasının əsas psixoloji səbəbləri nə ilə bağlıdır? Bu dəyişikliklər sizcə fərdi, sosial yoxsa sistemli problemlərlə əlaqəlidir?

- Əsas psixoloji səbəblər həm fərdi, həm sosial, həm də sistemli (institusional) problemlərin üzvi şəkildə birləşməsindən qaynaqlanır. Fərdi (şəxsi) psixoloji səbəblər insanın daxili psixoloji durumu, yaşantıları və emosional mexanizmləri ilə bağlıdır. Bunlara misal olaraq daxili travmalar, empati çatışmazlığı, stres, depressiya, emosional tənzimlənmənin zəifliyi və s. nümunə göstərə bilərik. Sosial səbəblər insanın yaşadığı mühit, gündəlik qarşılıqlı münasibətlər və cəmiyyətin mədəni kodları ilə əlaqəlidir. Təcrid, tənhalıq, sosial bərabərsizlik, cəmiyyətin qütbləşməsi buna şamil edilir. Sistemli (institusional) səbəblər dövlət siyasəti, təhsil, hüquq və media sahələrindəki boşluqlarla əlaqədardır. Təhsil sistemində emosional zəkanın inkişaf etdirilməməsini, psixoloji xidmətlərin əlçatmaz olmasını, media siyasətində məsuliyyətsizliyi və s. buna nümunə göstərə bilərik.

- Ailə münaqişələrinin, intiharların, xüsusilə də gənclər arasında belə halların çoxalmasını nə ilə izah edərdiniz? Bu proses niyə bu qədər intensivləşib?

- Sualda qoyduğunuz məsələləri tək bir amillə izah oluna bilməz. Bu, kompleks psixoloji, sosial və sistemli problemlərin birləşməsi nəticəsində yaranan çoxşaxəli bir böhrandır. Bu tendensiyanın  izahı üçün bir sıra səbəblər əhəmiyyət daşıyır. Psixoloji səbəblər - Emosional tənzimləmə bacarıqlarının olmaması: Gənclər emosiyalarını necə ifadə etməyi və idarə etməyi öyrənməyiblər. Bu, qəzəb, ümidsizlik və aqressiyanı ya özünə (intihar), ya da başqasına (zorakılıq, qətl) yönəltməyə səbəb olur. Xroniki stress və depressiya: Psixoloji yük (təhsil təzyiqi, sosial müqayisə, gələcək qorxusu) ağırlaşdıqca, çıxış yolu kimi radikal addımlar (intihar, zorakılıq) seçilir. Məqsədsizlik və mənasızlıq hissi: Gənclərin bir qismi həyatın məqsədini tapa bilmir, özünü lazımsız və dəyərsiz hiss edir.Ailədaxili və sosial problemlər - Ailədaxili ünsiyyətin pozulması: Uşaqlar və gənclər valideynlərlə emosional bağ qura bilmədikdə, psixoloji boşluğa düşürlər. Ailədə emosional və fiziki zorakılıq yaşayan gənclər bu modeli normallaşdıraraq ya onu təkrarlayır, ya da özünə yönəldir. Sosial təcrid və tənhalıq: Gənclər real sosial əlaqələrdən uzaq düşərək daha çox virtual dünyaya qapılır və bu, onların emosional stabilliyini zəiflədir. Media və texnologiyanın təsiri - Sosial mediada mənfi müqayisə: Gənclər başqalarının "mükəmməl" həyatları ilə özlərini müqayisə edərək depressiyaya düşür. Zorakılığın normallaşması: Filmlər, xəbərlər və sosial media kontenti zorakılığı adiləşdirir və həll yolu kimi təqdim edir. Virtual təzyiq və kiberzorakılıq: Onlayn mühitdə yaşanan təhqirlər, təcrid, təzyiq intihar hallarının əsas səbəblərindən biridir.

- Sosial şəbəkələrin və media məkanının insan psixikasına mənfi təsiri barədə nə deyə bilərsiniz? Gündəlik virtual təzyiqlər insanlarda hansı mənəvi boşluqlar yaradır?

- İnsanlar sosial şəbəkələrdə başqalarının həyatının “filtrdən keçmiş”, idealizasiya olunmuş versiyalarını izlədikcə, öz gündəlik həyatlarını kifayət qədər maraqlı və dəyərli görmürlər. Bu, özünəinam itkisi, depressiv ovqat, kifayət etməmə kompleksi və daxili narazılıq yaradır. Bəziləri üçün “Like”, “komment” və “baxış sayı” kimi göstəricilər insanlarda məsuliyyətli davranış yox, xoş görünmək üçün süni kimliklər formalaşdırır. Bu isə emosional sabitliyin pozulmasına və şəxsi kimliyin parçalanmasına gətirib çıxarır. Bəzən həddən artıq xəbər və kontent bombardmanı insan beynini yükləyir, diqqət dağınıqlığı, təlaş, emosional donma və təhlükəsizlik hissinin itməsi ilə nəticələnir. Virtual əlaqələr dərin emosional ehtiyacları qarşılamadığı üçün tənhalıq, emosional boşluq və sevgisizlik hissi güclənir.

- Ailə institutu və valideyn-övlad münasibətləri zəiflədikcə psixoloji gərginlik artır. Valideynlər bu vəziyyətdə hansı rolu oynamalıdır?

- Ailə insanın ilk və ən dərin psixoloji təcrübə məkanıdır. Valideynlər bu sistemin emosional mərkəzi olduqları üçün onların rolu əvəzolunmazdır. Gəlin, bu məsələni bir neçə başlıqla aydınlaşdıraq: Ailə institutunun zəifləməsinin nəticəsində uşaqlar emosional təhlükəsizlik hissini itirir, özünə dəyər və sevgi hissi formalaşmır, gənclər emosiyalarını tənzimləyə bilmədən yetişir, etibarlı model və davranış nümunəsi olmadığı üçün qəzəb, aqressiya və üsyankar davranışlar artır. Belə bir sual ortaya çıxır: Bu vəziyyətdə valideynlərin rolu nə olmalıdır? Valideyn ilk növbədə hökm edən yox, anlayan və dinləyən şəxs olmalıdır. Unutmayaq ki, valideyn olmaq yalnız maddi təminatla ölçülmür. Uşağın və gəncin ehtiyacı olan emosional mövcudluqdur. Birgə vaxt keçirmək, söhbət etmək, dinləmək və sadəcə “yanında olmaq” çox güclü psixoloji təsirə malikdir. Evdə emosional xaos və qeyri-müəyyənlik varsa, uşaq daim psixoloji gərginlik içində yaşayır.Tərbiyə nə sərt qadağalarla, nə də tam azadlıqla mümkün deyil. Uşağa sevgi ilə sərhəd qoymağı bacaran valideynlər daha sağlam şəxsiyyətlər yetişdirir. Valideynlər bu gün sadəcə nəzarət edən yox, emosional dəstəkçi, etibarlı bələdçi və psixoloji güc mənbəyi olmalıdır. Ailə münasibətləri nə qədər sağlam qurularsa, cəmiyyətin psixoloji sağlamlığı da o qədər güclü olar.

- Psixoloji yardıma ehtiyac artıb, amma müraciət edənlərin sayı hələ də azdır. Sizcə, insanlar psixoloqa müraciət etməyə niyə çəkinirlər? Bu stereotipləri necə aradan qaldırmaq olar?

- Sadaladıqlarınız cəmiyyətimizin real mənzərəsidir. Lakin paradoks ondadır ki, ehtiyac artsa da, psixoloqa müraciət edənlərin sayı eyni templə artmır. Doğrudur, son illərdə əvvəlki illərlə müqayisədə artım müşahidə olunur, amma bu, hələ də yetərli deyil. Bunun kökündə stereotiplər, bilik çatışmazlığı, qorxu və cəmiyyətin psixoloji maariflənməməsi dayanır. Bəs insanlar psixoloqa müraciət etməyə niyə çəkinirlər? Bu, ən çox eşitdiyimiz və bizə verilən sullardan biridir. Ən çox yayılmış yanaşmalardan biri "Psixoloqa yalnız ruhi xəstələr gedir" stereotipidir. Həmçinin bəzi hallarda qeyri-peşəkar “psixoloqlar”ın yaratdığı pis təcrübələr ümumi etimada zərər vurur.

- İnsanların daxili rahatlığını bərpa etməsi üçün gündəlik həyatlarında nələrə diqqət yetirmələri vacibdir? İnsanlara psixoloji tarazlıqlarını qorumaq üçün nə tövsiyə edərdiniz?

- Daxili rahatlıq və psixoloji tarazlıq müasir həyatın sürətinə, stresinə və informasiya təzyiqinə qarşı ən güclü “müdafiə qalxanıdır”. Bunu qorumaq üçün insanlar gündəlik həyatlarında müəyyən sadə, amma sistemli vərdişlərə diqqət yetirməlidir. Sakit və planlı sabah rutini qurun - Günü telefona baxmaqla yox, dərin nəfəs, müsbət düşüncə və ya qısa bir fiziki hərəkətlə başlamaq çox önəmlidir. Günə necə başlamağınız, bütün gün əhvalınızı kökləyir. Rəqəmsal sərhədlər qoyun - Sosial şəbəkələrə və xəbərlərə daim baxmaq emosional yüklənməyə səbəb olur. Təbiətlə əlaqə qurun - Gün ərzində 10-15 dəqiqə təbiətdə olmaq, parkda gəzmək, ağaca baxmaq, günəşə çıxmaq, sinirləri sakitləşdirir və zehni təmizləyir. Müsbət münasibətlərə vaxt ayırın - Səmimi, dəstəkləyici dostluqlar, ailə söhbətləri və paylaşım, insanın ruhuna güc verir. Münasibətlərin keyfiyyəti daxili balansla birbaşa əlaqəlidir. Kiçik uğurlarınızı belə qeyd edin - Hər gün bir “mən bunu bacardım” deyə biləcəyiniz bir şey tapın. Bu, özünəinamı və daxili məmnuniyyəti gücləndirir.

- Cəmiyyətin psixoloji reabilitasiyası üçün dövlət, media və vətəndaş cəmiyyəti hansı addımları atmalıdır?

- Çox vacib və strateji bir suala toxunursunuz: cəmiyyətin psixoloji reabilitasiyası  tək bir qurumun və ya mütəxəssisin işi deyil. Bu, bütün sistemin  dövlətin, medianın və vətəndaş cəmiyyətinin birgə məsuliyyətidir. Hər kəsin öz üzərinə düşən rolu var və bu rollar bir-birini tamamladıqda, cəmiyyətin psixoloji iqlimi sağalmağa başlayır. Dövlət — cəmiyyətin struktur dayağıdır. Əsas məsuliyyət və təşəbbüs gücü də onun üzərindədir. Əsas təşəbbüslər kimi psixoloji xidmətlərin dövlət səviyyəsində sistemləşdirilməsi, milli psixoloji sağlamlıq proqramının hazırlanması, psixoloq peşəsinin hüquqi tənzimlənməsi, travma sonrası dəstək sistemləri, ailə və gənclər siyasətində psixoloji rifahın prioritet elan edilməsi kimi proqramların hazırlanması dövlət və cəmiyyətin inkişafı istiqamətində mühüm rol oynayacaqdır. Media cəmiyyətin düşüncə modelini formalaşdıran güclü vasitədir. Bu məsələ xüsusilə həssaslıq tələb edir. Odur ki, medianın bu məsələdə vacib rolu vardır. Medianın məqsədi reytinq toplamaq yox, emosional sabitliyi qorumaq və məlumatlandırmaq, zorakılıq və nifrət dilinin tirajlanmasının qarşısını almaq olmalıdır. Vətəndaş cəmiyyəti olan QHT-lər, gənclər təşkilatları, psixoloji mərkəzlər və sosial təşəbbüslər bu sahədə mühüm boşluqları doldura bilər. Regionlarda psixoloji dəstək təşəbbüsləri, maarifləndirmə tədbirləri və pulsuz konsultasiyalar təşkil olunmalı, sosial qruplar üzrə hədəfli dəstək layihələri hazırlanmalı, ictimai müzakirə platformaları təşkil edilməli,  ailələr, gənclər və mütəxəssislərin iştirakı ilə açıq dialoq mühitləri yaradılmalıdır.

- Sonda  bu qədər gərginlik və mənəvi yüklənmənin fonunda siz bir psixoloq kimi ümidlisinizmi? Cəmiyyətin müalicəsi üçün ən real və praktik çıxış yolları hansılardır?

-Bəli, mən bir psixoloq mövqeyindən baxanda ümidliyəm. Çünki insan psixikası hər nə qədər kövrək olsa da  özünü sağaltmaq və yenidən qurmaq potensialına malikdir. Hətta ən qaranlıq dövrlərdə belə, cəmiyyətlər şəfa tapa bilər. Amma bu şəfanın baş verməsi öz-özünə deyil, şüurlu və kollektiv səylərlə mümkündür. Niyə ümid var? Çünki gənclər dəyişiklik istəyir. Yeni nəsil emosional fərqlilikləri daha açıq qəbul edir, psixoloji yardımı tabu saymır. Digər tərəfdən, psixologiyaya maraq artır. Cəmiyyətdə psixoloji maarifləndirməyə olan ehtiyac və maraq əvvəlkindən qat-qat çoxdur. Dövlət və QHT-lər səviyyəsində addımlar atılır. Psixoloji xidmətlər, ailə institutu və gənclərin sosial rifahı artıq rəsmi gündəmdədir. Ən əsası insanlar artıq danışmağa başlayıb. Duyğular boğulmur, səsləndirilir. Bu, müalicənin ilk və ən vacib mərhələsidir.

Yaqut Ağaşahqızı, “İki sahil”