2025-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, 6 ay ərzində ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.
Bu dövrdə 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61.9 min ton (457 min barrel), kondensat hasilatı 13,7 min ton (113 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barrel) olub.
Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb. Bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya, 4,9 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 2,9 milyard kubmetr), 1,1 milyard kubmetr Gürcüstana satılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə), 487,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 iyun 2025-ci il tarixinədək 658,1 milyon ton neft, 180,2 milyard kubmetr qaz ixraca nəql edilib.