14 iyul 2025 20:54
118

Avropa İttifaqı cavab rüsumları tətbiq etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp ilə gömrük mübahisəsi çərçivəsində Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlardan idxal olunan mallara qarşı əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır. Bu tədbirlərin ümumi həcmi 72 milyard avro təşkil edir və Vaşinqton ilə aparılan danışıqların uğursuz olacağı təqdirdə qüvvəyə minməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç məlumat verib.

ABŞ-dan idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edəcək siyahı ictimai məsləhətləşmədən sonra yenilənib. Əvvəlcə rüsumlar 95 milyard avro dəyərində idxal məhsullarını əhatə etsə də, son versiyada bu məbləğ 72 milyard avro həcminə endirilib. Lakin M.Şefçoviç siyahıdan hansı məhsulların çıxarıldığı barədə məlumat verməyib.

Komissar D.Trampın yeni gömrük rüsumu ilə bağlı son açıqlamasından məyusluğunu vurğularayaraq bildirib: “Biz əsas razılaşma üzərində həftələrlə çalışmışdıq və demək olar ki, məqsədə çatmışdıq. Bu açıqlama indi vəziyyətə tamamilə başqa bir dinamika gətirir”. O, ABŞ Prezidentinin planlarının həyata keçirilməsinin transatlantik ticarətə ciddi zərbə vuracağı barədə xəbərdarlıq edib.