17 iyul 2025 10:07
124

İİTKM dövlət proqramlarının idarəetməsinə görə “İnternational Business Magazine Awards 2025”in qalibi olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “International Business Magazine” adlı beynəlxalq media qurumunun təşkil etdiyi “International Business Magazine Awards 2025” müsabiqəsinin “Texnologiya” nominasiyasında iki fərqli kateqoriya üzrə yüksək mükafatlarla təltif olunub.

“İki sahil” xəbər verir ki, Mərkəzə təqdim edilən mükafatlar aşağıdakılardır:

Best Data-Driven Program Governance Initiative, Azerbaijan 2025 – Ən yaxşı məlumatlara əsaslanan proqram idarəetməsi təşəbbüsü

Best Data-Driven Project Governance, Azerbaijan 2025 – Ən yaxşı məlumatlara əsaslanan layihə idarəetməsi

“International Business Magazine Awards”  qlobal miqyasda müstəsna nailiyyətlər göstərən şirkət və liderləri tanıtmaq məqsədilə təqdim olunan nüfuzlu mükafatdır. Mükafat bankçılıq, maliyyə, sığorta, texnologiya sahələri üzrə fərqlənən innovativ və uğurlu təşkilatlara verilir.

Təşkilat komitəsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətini iki istiqamət - proqram idarəetməsi və layihə idarəetməsi üzrə dəyərləndirib. Əsas meyarlar isə aşağıdakı kimi qeyd olunub:

monitorinq və qiymətləndirmədə  müasir rəqəmsal platformanın yaradılması;

layihələrin vahid platformadan idarə edilməsi;

data analitikası;

coğrafi informasiya texnologiyaları;

videomüşahidə sistemləri;

süni intellekt imkanlarından istifadə.

Müsabiqədə İİTKM-lə müxtəlif regionları, ölkələri və beynəlxalq qurumları təmsil edən nüfuzlu təşkilatlar qeyd olunan meyarlar üzrə yarışıblar. Bu amil Mərkəzin qlobal texnologiya və idarəetmə arenasında öncül mövqe tutduğunun təsdiqidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanın qabaqcıl beyin mərkəzi kimi iqtisadi islahatların həyata keçirilməsində rəqəmsal idarəetmə, proqram əsaslı planlaşdırma və nəticəyə əsaslanan büdcə idarəçiliyi strategiyalarını formalaşdıraraq Prezident İlham Əliyevin tapşırıqlarını uğurla icra edir. Bu fəaliyyətin nəticələri isə qlobal arenada yüksək qiymətləndirilir.