23 iyul 2025 01:59
171

Mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir

Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox.

Bu sözləri Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib. Bildirib ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını da qorumağa qadirdir. Prezident fikrini əsaslandırmaq məqsədilə əlavə edib ki, Azərbaycan mediası ölkəmizə qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Vurğulayıb ki, bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir, bu da lazımdır.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var: “Bu gün Avropadan olan həmkarınız da artıq bu sualı verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə, ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər”. “Burada hələ görüləsi işlər çoxdur” sözləri ilə çıxışını davam etdirən dövlətimizin baçısı bildirib ki, ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır.

Bütün bunlar isə o deməkdir ki, mediamız qarşıya qoyulan missiyanın öhdəsindən gəlməyə qadirdir. Hətta bu gün milli media subyektlərimiz yalnız Azərbaycana qarşı yönələn informasiya hücumlarına cavab verməklə, həm də müdafiə məzmunlu çıxışlar etməklə kifayətlənmirlər. İndi onlar ölkənin maraqları ilə bağlı məsələlərdə maraqlı araşdırmalar apara, yeni faktlar tapıb təqdim edə bilirlər. İran, Fransa və ABŞ mediası tərəfindən müxtəlif vaxtlarda baş vermiş informasiya hücumlarına qarşı Azərbaycan mediası tərəfindən peşəkar, operativ cavablar verilməsini və informasiya mübarizəsindəki uğurları buna misal göstərə bilərik. Bu isə o deməkdir ki, Azərbaycanın peşəkar milli media resursları ciddi inkişaf mərhələsinə qədəm qoyaraq, milli informasiya məkanında tam söz sahibinə, həmçinin beynəlxalq hesabatlarda istinad mənbəyinə çevrilə biliblər. Şübhəsiz, bütün bu uğurlarda son illərdə media sahəsində aparılan islahatlar mühüm rol oynayıb. Buna 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanununu misal göstərmək olar.  Bu qanun ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin səlahiyyətlərini müəyyənləşdirmək, haqlarını qorumaq üçün də faydalıdır. 

Bir məsələni də qeyd edək ki, Prezident İlham Əliyev media deyəndə ilk növbədə jurnalistləri nəzərdə tutduğunu da vurğulayıb. “Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram” deyən dövlətimizin başçı bildirib ki, medianı nüfuzlu edən məhz onun əməkdaşlardır. Bu isə jurnalistlərimizin peşəkarlığından xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçımızın Sərəncamı, eləcə də bir çox peşəkar jurnalistin dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə medianın inkişafına verilən önəmin təzahürüdür.

Bəli, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mətbuatımızda gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu isə o deməkdir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatı həqiqətən də böyük inkişaf yolu keçib. Əlavə edək ki, ölkəmizdə mətbuatın inkişafı, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə bir faktı xatırladaq ki, Ümummilli Lider 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Həmin Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilib, həmçinin “Hərbi senzura yaradılması haqqında” 1992-ci il 16 aprel tarixli Fərman və “İnformasiya yayımı üzərində nəzarət haqqında” 1993-cü il 15 aprel tarixli Sərəncam ləğv edilib.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezidenti İlham Əliyev də mediaya xüsusi yanaşması ilə seçilir. Belə ki, dövlətimizin başçısı söz və mətbuat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı üçün bütün zəruri addımları atıb və atmağa davam edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”