Cari ilin ilk yarısı (yanvar-iyun ayları) üzrə Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin icrası əvvəlki illərlə müqayisədə artım nümayiş etdirib.
“İki sahil” xəbər verir ki, bu ilin ilk 6 ayında büdcə xərcləri 203 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artım deməkdir. 2024-cü ilin ilk yarısında isə icra olunan xərclər 190 milyon manat olmuşdu.
Qeyd edək ki, 2024-cü ilin planlaşdırılmış büdcə xərcləri 255 milyon manat, icrası isə 190 milyon manat təşkil etmişdi. Bu da plana nisbətən 11,4 faiz azalma demək idi. Lakin 2025-ci ildə həm plan göstəriciləri 226 milyon manat, həm də icra göstəriciləri 203 milyon manat olmaqla artım müşahidə olunub. Eyni zamanda 2025-ci ildə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 52 min 205 nəfər təşkil edib.
Hüquqi şəxslərin sayı 2832 nəfər olmaqla, bu göstərici ötən ilin əvvəlinə nisbətən 4,1 faiz artıb. Fiziki şəxslərin sayı isə 49 min 373 nəfərə çataraq 3,5 faiz artım göstərib.
Ümumilikdə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin sayında sabit artım tendensiyası müşahidə olunur. Bu artım regionda sahibkarlığın və iqtisadi fəallığın genişlənməsini, eyni zamanda vergi uçotunun təkmilləşdirilməsi istiqamətində aparılan işlərin effektivliyini əks etdirir.