28 iyul 2025 18:05
215

Nazir: Azərbaycan və Serbiya tezliklə Niş yaxınlığında qaz elektrik stansiyasının tikintisi ilə bağlı memorandum imzalayacaqlar

Yaxın zamanda Serbiya və Azərbaycan arasında Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi ilə bağlı memorandumun imzalanması gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a müsahibəsində Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç bildirib.

"Bu elektrik stansiyasının tikintisi Serbiyanın yeni Enerji Strategiyası və İnteqrasiya olunmuş Milli Enerji və İqlim Planında prioritet layihədir. O, baza gücünü təmin etməyə və enerji təchizatının etibarlılığını artırmağa imkan verəcək", - nazir qeyd edib.

Onun sözlərinə görə, Serbiya və Azərbaycanın enerji şirkətləri - EPS, “Srbijagas” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Serbiyanın Mədən və Energetika Nazirliyi və Azərbaycanın Energetika Nazirliyi ilə birlikdə artıq layihənin maliyyə təhlilini hazırlayıb.

"Təhlil cari ilin iyun ayında Bakıda keçirilən iclasda təqdim edilib və hazırda maraqlı tərəflərin iştirakı ilə danışıqlar mərhələsindədir. Maliyyə və iqtisadi parametrlər razılaşdırıldıqdan və saziş imzalandıqdan sonra layihənin icrasına keçid etmək və tikinti işlərinin başlanmasının dəqiq tarixini müəyyən etmək mümkün olacaq. Bu, enerji sabitliyinin təmin edilməsində mühüm element hesab edilən prioritet layihədir", - D.Cedoviç-Handanoviç əlavə edib.

Nazir Azərbaycanla qarşılıqlı əlaqələrin yeni layihələr hesabına genişləndirilməsi planları barədə məlumat verib: "Mövcud sazişləri, Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu və yeni birgə layihələrə başlamağa hazır olmasını nəzərə alaraq, əminik ki, Azərbaycan qazı yaxın illərdə Serbiya bazarında getdikcə daha əhəmiyyətli rol oynayacaq.

O qeyd edib ki, Azərbaycan Serbiyanın ikitərəfli münasibətlərin gücləndirilməsində mühüm irəliləyişə nail olduğu dövlətdir və bu inkişaf özünü təkcə siyasi müstəvidə göstərmir: "Biz suverenlik və ərazi bütövlüyü məsələlərində Bakının dəstəyini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndiririk. Lakin enerji sahəsində əlaqələr xüsusilə fəal şəkildə inkişaf edir. Ölkələrimizin prezidentləri Aleksandr Vuçiç və İlham Əliyev ikitərəfli əməkdaşlığımızın səviyyəsinin yüksəldilməsinə və strateji tərəfdaşlığın gücləndirilməsinə güclü təkan verib. Onların siyasi iradəsi müvafiq nazirliklərin konkret layihələr üzərində işləməsinə yol açıb. Enerji sahəsində əməkdaşlığın həm vətəndaşlar, həm də iqtisadiyyat üçün nəticələri nəzərəçarpan olub. Bu, təbii qaz təchizatının şaxələndirilməsinə və Azərbaycan qazının idxalına dair uzunmüddətli müqavilələrin bağlanmasına aiddir".