30 iyul 2025 14:37
183

“Baku Electronics” və “ABC Telecom” haqqında rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi elektronika və məişət texnikası məhsullarının satış bazarında fəaliyyət göstərən əsas iştirakçılardan “Baku Electronics” və “ABC Telecom” MMC-lər barəsində ilkin araşdırma aparıb.

“İki sahil” xəbər verir ki,  Agentlikdən verilən məlumata görə, araşdırma nəticəsində “Baku Electronics”in “YOSHİRO” əmtəə nişanlı televizorların, “ABC Telecom”un “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının təqdimatında istehlakçılarda yanlış təsəvvür yaradan və həqiqətə uyğun olmayan məlumatlardan istifadə etdiyi müəyyən olunub.

Bildirilib ki, sözügedən məhsulların mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə istehlakçıları çaşdıran məlumatlar verilməsi, eləcə də mühüm xüsusiyyətləri barədə düzgün olmayan göstəricilərin təqdim edilməsi haqsız rəqabət əlaməti kimi qiymətləndirilib. Eyni zamanda, “YOSHİRO” markalı televizorların reklamlarında da yanlış məlumatların yer aldığı aşkarlanıb.

Qeyd edilən faktlarla bağlı Agentlik hər iki təsərrüfat subyekti barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Hazırda bu işlərə baxılma prosesi davam edir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Bildirilib ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması, məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən, o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi isə haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab olunur və bu hərəkətlər qadağandır.