Bu sektorun paytaxtımızda fəaliyyətə başlaması ölkəmizə on milyardlarla dollar gəlir gətirəcək
Bu gün Azərbaycan dövləti bazar iqtisadiyyatının inkişafı üçün bütün bürokraik buxovları qırmaqla ölkəmizə yeni inkişaf tendensiyası gətirmişdir. Bazar iqtisadiyyatı həm də liberal iqtisadiyyatın əsas lokomotividir. Yəni, bu, o deməkdir ki, ölkə büdcəsinə gəlir gətirə bilən və insanların rifahına xidmət edən bütün növ fəaliyyətlər qanunauyğun şəkildə dəstəklənməli və genişlənməlidir. Bu mənada Prezident İlham Əliyevin ötən günlərdə imzaladığı Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyətinin Dövlət Turizm Agentliyinə həvalə olunması müsbət hadisədir. Bu sənəd oyun biznesinin tənzimlənməsi ilə yanaşı, turizm strategiyasının yeni mərhələyə keçidi baxımından əhəmiyyətlidir.
Məlumdur ki, həmişə turizm ən gəlirli sahələrdən biri olub. Turizmin inkişaf yollarından biri isə kazino biznesidir. Çünki kazino turizmi bir çox insanlar üçün əsas istirahət mənbəyi hesab edilir. Bu sahə öz iqtisadi əhəmiyyətinə görə turizmin digər istiqamətlərindən qat-qat gəlirlidir. Peşəkar turizmçilər iddia edirlər ki, hətta bu sektorda bir kazinonun günlük qazancı bəzən bir turizm şəhərinin bir aylıq qazancına bərabər olur.
Məlumdur ki, ölkəmizdə bu sektor inkişaf etmədiyi üçün azərbaycanlı qumar həvəskarlarının əsas üz tutduğu ünvan Gürcüstandır. Məlumatlara görə, Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərinin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının pullarıdır. Digər tərəfdən, ölkəmizdə kazinoların olmaması bir çox qumar həvəskarlarını onlayn oyunlara sövq edir. Bu isə bir çox hallarda vətəndaşların dələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Məsələnin digər narahatlıq doğuran tərəfi isə bu cür qumar oyunlarından çirkli pulların yuyulması üçün istifadə edilməsidir.
Qeyd olunan məqamları nəzərə alsaq görərik ki, artıq Azərbaycanda kazinoların yaradılması da zərurətə çevrilib. Belə ki, kazinoların yaradılması ölkəmizdən xaricə çıxarılan vəsaitlərin azalmasına səbəb olacaq, üstəlik iqtisadi inkişafa da təkan verəcək. Bütün bunlara rəğmən demək olar ki, kazinoların açılması üçün respublikamızda zəruri olan bütün faktorlar mövcuddur. Dəniz, rəngarəng dünya mətbəxi, ləziz yerli yeməklər kazino turizminin əsas elementlərindəndir. Bununla bağlı deputatlarımız da vaxtılə önəmli fikirlər də səsləndiriblər.
Bəs Azərbaycanda kazion biznesi üçün standartlara uyğun məkan mövcuddurmu? Mütəxəssislərin fikirrincə, Bakıda istifadəyə verilən vəqıma müddətdə beyənəlxalq şöhrət qazanan «Sea Breeze» yaşayış məkanı kazino turizmi üçün unikal imkanlara malikdir. «Sea Breeze» həm böyüklüyünə, həm də turizm cəlbediliciyinə görə, paytaxtımıza yeni inkişaf və gəlir gətirə bilər. Onun unikallığı ondadır ki, hava limanına yaxındır, çimərlikdə yerləşir. Ən başlıcası isə müasir infrastruktura malikdir. Bundan başqa, burada açılacaq kazionlar həm də minlərlə yeni və gəlirli iş yerləri deməkdir.
Əslində kazino turizminin üstün cəhəti ondan ibarətdir ki, o, müxtəlif ölkələrdən çoxlu sayda insanı cəlb edə və onları bir məkanda birləşdirə bilir. Kazinolar ətrafında sürətlə yeni infrastruktur formalaşır. Bu, digər sahələrə də fayda gətirir. Yəni, kaziono turizmi, digər sahələrin inkişafı üçün lokomotiv rolunu oynayır. Belə ki, kazinoların olduğu yerdə yeni otellər və restoranlar inşa edilir, nəqliyyat sektoru genişlənir. Xüsusilə Bakıya gələn imkanlı müştərilər bahalı taksilərdən, bahalı restoranlardan, bahalı geyim mağazalarından istifadə etməklə bolluca pul xərcləməyə maraq göstərəcəklər.
Çox güman ki, Azərbaycan kaziona turizminə başlamaqla inkişaf etmiş ölkələrin kazino təcrübələrindən də yararlanacaqdır. Çünki hazırda dünyanın müxtəlif ölkələri kazino biznesi hesabına milyardlarla gəlir əldə edirlər. Xüsusilə qardaş Türkiyə bu sahədə inkişaf edərək dövlət büdcəsinin təxminən 15 faizini turizm sektoru ilə tənzimləyir. Yəni, burada hər il təqribən 30 milyard dollara yaxın qazanc əldə edilir. O cümlədən Avropa ölkələri daha çox turist cəlb etmək üçün müxtəlif layihələr həyata keçirirlər. ABŞ, Makao və Avstraliya kimi dövlətlərdə kazino turizmi sürətlə inkişaf edir. Məsələn, təkcə Nevada ştatının Las-Veqas şəhəri 2019-cu ildə 40 milyondan çox turist qəbul edir. Las-Veqas kazinolarını ən güclü rəqibi isə Çinin dünyanın ən böyük qumar mərkəzlərindən birinə çevrilmiş bölgəsi Makaodadır. Lakin Makaodakı şərtlər bir çox çinli kazino həvəskarlarını razı salmadığı üçün onlar son illərdə kütləvi surətdə Avstraliyaya üz tuturlar.
Bundan başqa, kazinolar sayəsində turizm sektorunda «qaz vurub qazan dolduran» yalnız bu böyük ölkələr deyildir. Həmçinin Sinqapur, Filippin, Monako və Kamboca kimi digər ölkələr də kazinolarda oynamaq üçün bu ölkələrə gələn turistlərdən əhəmiyyətli gəlir əldə edirlər. Eyni zamanda, kaziono turizminin inkişafı ruslar üçün gəlir mənbəyinə çevrilib. Artıq burada da kazinolar kifayət qədər populyardır. Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin məlumatına görə isə 2023-cü ildə Qazaxıstanda qumar və mərc fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2,85 milyard ABŞ dolları (1,27 trilyon tenge) olmuşdur ki, bu da 2022-ci illə müqayisədə 20,7% artım deməkdir. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib.
Kazino turizmində ciddi gəlirləri qazanan ölkələr sırasında Gürcüstan, Özbəkistan və Kipr də var. Bəli, ilk dəfə olaraq ölkəmizdə kazino turizminin leqallaşdırılmasına dair qərarlar Azərbaycanın qeyri-neft sektoruna yeni gəlir mənbələri gətirəcək. Ancaq kaziono turizmi heç də o demək deyil ki, orada milli dəyərlər tapdansın və qeyri- qanuni hərəkətlərə yol verilsin. Təbii ki, bu sektorun inkişafı davamlı dövlət nəzarəti, ədalətli hüquqi mexanizmlər və ictimai maraqların qorunması şərti ilə reallaşdırılacaq.
Elçin Zaman, «İki sahil»