Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) uğurla reallaşdırılmasına mühüm töhfə verir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Cenevrədə Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində keçirilən panel müzakirəsindəki çıxışında deyib.
O bildirib ki, ölkəmizin azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını nəzərdə tutan Böyük Qayıdış proqramının həyata keçirilməsi DİM-lərin uğurla reallaşdırılmasına mühüm töhfə verir. Aparılan yenidənqurma işləri ilə yanaşı, bu ərazilərdə bu gün artıq əlli mindən çox insan yaşayır, işləyir və təhsil alır.
Sahibə Qafarova diqqətə çatdırıb ki, azad edilmiş ərazilərin minalarla çirklənməsi bu ərazilərin inkişafı üçün əsas maneə olaraq qalır. Məhz buna görə də Azərbaycan “Təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər”i özünün 18-ci milli DİM-i kimi qəbul edib. Həmçinin bu məqsədin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təsis olunması da təklif edilib.
“Cari ilin may ayında Azərbaycan Prezidenti 2027–2030-cu illər üzrə yeni inkişaf strategiyasının və “İkinci Böyük Qayıdış Proqramı”nın hazırlanması ilə bağlı Sərəncam imzalayıb. Bu sənədlərin icrası DİM-lərin həyata keçirilməsinə daha böyük töhfələr verəcək”, - deyə parlamentin sədri vurğulayıb.
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib