02 avqust 2025 17:41
116

Azərbaycan-Suriya əlaqələrinin yeni istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır

Azərbaycan Yaxın Şərqdə nizamlanma prosesində, sabitlik və inkişafa nail olunmasında və yenidən quruculuq işlərində yaxından rol oynayır. Azərbaycan və Suriya arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən dövrlərdə Antaliyada keçirilən forum zamanı ölkə başçıları görüşüb və bu görüş ikitərəfli münasibətlərin möhkəmlənməsinə zəmin yaratmışdır. Suriyada hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasında təmaslar yenidən qurulmuş və Azərbaycan Suriyaya dəstəyini bəyan edən ilk dövlətlərdən biri olmuşdur. Azərbaycan Suriyaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub. Bu dəstək Azərbaycanın Yaxın Şərq regionunda fəal və etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Suriyanın münaqişədən sonrakı bərpa və quruculuq prosesinə töhfə verməyə hazır olduğunu bəyan etmişdir. Türkiyə ilə birgə bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan, Suriyanın inkişafına dəstək olmaq məqsədilə konkret addımlar atır. Prezidentin tapşırığı ilə nümayəndə heyəti Suriyada səfərdə olmuş və bu ölkənin bərpa prosesinə Azərbaycanın hansı töhfələr verə biləcəyini araşdırmışdır.

Azərbaycan-Suriya əlaqələri Azərbaycanın Yaxın Şərq siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan Avropa və Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərqdə də fəal və etibarlı tərəfdaş kimi tanınır. Ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan qlobal xarici siyasət konsepsiyasına keçərək müxtəlif istiqamətlərdə fəal siyasət yürütməyə başlamışdır. Prezidentin şəxsi nüfuzu Azərbaycana yeni tərəfdaşlıq modelləri və imkanlar qazandırmışdır.

Azərbaycanın Suriya ilə bağlı sülh proseslərindəki rolu da diqqət çəkir. Azərbaycan Suriya ilə İsrail, eləcə də Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında vasitəçilik edərək, bir platforma kimi mühüm rol oynamışdır. Bu, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi dəyəri bir daha göstərir.

Azərbaycan-Suriya əlaqələrinin yeni istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan bu günə qədər 12 ölkəyə təbii qaz ixrac edir, əsasən Avropa bazarına. Lakin Yaxın Şərq regionu Azərbaycan qazı üçün yeni coğrafiya kimi formalaşır. Suriya prezidentinin Bakıya səfəri çərçivəsində Türkiyə üzərindən təbii qazın Suriyaya ixracı məsələsi müzakirə olundu. Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həm də tranzit ölkə rolunu oynaya bilər. Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib, Suriyanı İordaniya ilə birləşdirən kəmərin bərpası isə Azərbaycan qazının Misirə qədər çatdırılması perspektivini açır. 

Bundan əlavə, Azərbaycanın elektrik enerjisi istehsalı sahəsində də Yaxın Şərqə ixrac potensialı mövcuddur. Bu, Azərbaycanın enerji diplomatiyasını daha da gücləndirərək regionda iqtisadi təsirini artırır. Azərbaycan qazının ixrac istiqamətlərinin diversifikasiyası ölkəmizin enerji bazarında rəqabət qabiliyyətini daha da möhkəmləndirir.

Tarixən Azərbaycan və Suriya arasında yaxşı əlaqələr olsa da, Əsəd rejimi bu münasibətlərin inkişafına maneə törətmişdir. Hazırkı dövrdə isə Suriyada yeni hakimiyyətin formalaşması ilə ikitərəfli əlaqələr üçün yeni imkanlar yaranmışdır. Azərbaycanın Suriyanın bərpa-quruculuq prosesinə dəstəyi, enerji sahəsində əməkdaşlıq və regionda sülhün təmin olunmasına verdiyi töhfələr iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva