02 avqust 2025 19:29
114

AKP Azərbaycan qazının Suriyaya tədarükünü "enerji diplomatiyasının nümunəsi" adlandırıb

Türk dövlətləri arasında enerji diplomatiyasının bir nümunəsi daha həyata keçir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan qazının Suriyaya ixracı barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Kürşad Zorlu “X” hesabında yazıb:

“Azərbaycan qazı artıq Türkiyə üzərindən Hələbə gedir. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə aid BOTAŞ şirkəti tərəfindən Kahramanmaraşın Türkoğlu rayonundan başlayıb Suriyaya uzanan 36 düymlük, 93 kilometrlik boru kəməri tamamlanıb. Türkiyə Azərbaycandan təbii qazı birbaşa Kilis vasitəsilə qonşu Suriyaya nəql edəcək”.

O bildirib ki, Suriyada həyatın normallaşması, elektrik enerjisinin istehsalının yenidən başlanması və sabitliyin dəstəklənməsi təhlükəsiz və könüllü qayıdış prosesini sürətləndirir: “Bu strateji xətt türk dünyasının regional nizam qurmaq potensialını inkişaf etdirir, inkişaf və sabitliyə töhfə verir. Prezidentimizin liderliyində ortaya qoyulan bu baxış ikitərəfli və çoxtərəfli əməkdaşlıqla etimad, hüzur və rifah iqliminə zəmin hazırlayıq. “Dildə, fikirdə, əməldə birlik” şüarı ilə hər sahədə əməkdaşlığımızı inkişaf etdirəcəyik”.

Qeyd edək ki, bu gün Azərbaycandan Suriyaya qaz tədarükünə start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.