04 avqust 2025 23:58
143

Lənkəranda utilizasiya zavodunun tikintisi nəzərdə tutulub

Son vaxtlar yüksək keyfiyyətli ekoloji mühitindən ötrü tullantıların səmərəli idarə olunması qarşıda duran ən aktual məsələ hesab olunur . Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında sözügedən məsələyə xüsusi diqqət ayrılıb.

Cənub mirvarisi Lənkəranda da tullantılardan düzgün istifadə olunmur. Ötən əsrin ortalarında rayonunun Göyşaban kəndi ərazisində məişət tullantılarının daşınaraq zərərsiz hala salmaq məqsədilə ayrılmış 5 hektar torpaq sahəsi əhalinin sayı artığından hazırki tələbata tam cavab vermir. Mövcud vəziyyət şəhər İcra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılıb və rayonda məişət tullantılarının utilizasiyası zavodunun tikintisindən ötrü aidiyyəti yuxarı dövlət orqanlarına müraciətlər ünvanlanıb.

Sevindirici haldır ki, artıq bu problem öz həllini tapmaq üzrədir. Lənkəranlıların səbirsizliklə həllini gözədiyi “zibil poliqonu” müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi Azərbaycan Respublikasının Baş nazirinin 11 iyul 2025-ci il 420 saylı sərəncamı əsasında təsdiq edilən “2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrin siyahısı” da yer alıb. 2026-cı ildə həyata keçiriləcək layihə çərçivəsində Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi, başqa sözlə, utilizasiya zavodunun tikintisi və bütövlükdə “zibil poliqonu” problemini yoluna qoyacaq.

Həmçinin Lənkəran rayonunun ən böyük 2 problemindən biri olan və kifayət qədər geniş maliyyə tələb edən kanalizasiya sisteminin yenilənməsi istiqamətində Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə dəyəri 50 milyon manat olan tender elan edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü