Azərbaycan məhsullarının bu ölkəyə ixracı sürətlənib
Bu gün Çin Xalq Respublikası dünyanın iqtisadi güc mərkəzlərindən biridir. Hazırda bu ölkə beynəlxalq bazarlara ixrac sahəsində dünya iqtisadiyyatının 9 faizinə sahiblənib. Belə bir fövqəlgüc dövlətlə iqtisadi əməkdaşlıq indi hər bir ölkənin əsas hədəfidir. Məhz bu tendensiyaın vaxtında dəyərləndirən Prezidet İlham Əliyev 2025-ci ildə Çinə dövlət səfəri çərçivəsində «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat»a imza atdı. Səfər çərçivəsində aparılan danışıqlar və imzalanmış sənədlər Azərbaycan-Çin əlaqələrinin yalnız regional səviyyədə deyil, həm də qlobal iqtisadi əməkdaşlıq müstəvisində inkişafı üçün möhkəm təməl formalaşdırır. Eyni zamanda, Azərbaycanın strateji coğrafi mövqeyi və təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat və logistika layihələri ölkəmizi Çin üçün də mühüm tərəfdaşa çevirir. Bu baxımdan, Çinin «Bir kəmər, bir yol» təşəbbüsü ilə Azərbaycanın strateji layihələrinin uzlaşması qarşılıqlı iqtisadi maraqları daha da gücləndirir.
Çin bazarı reallıqda çox mürəkkəb və yüksək rəqabətli mühitdir. Bu bazarda iştirak edən ölkələrin sayı kifayət qədər çoxdur və hər biri Çin bazarının strateji əhəmiyyətini nəzərə almaqla burada möhkəmlənməyə çalışır. Bir sözlə, burada rəqabət son dərəcə ciddidir və yalnız qiymət deyil, məhsulun keyfiyyəti, fərqliliyi, yerli istehlakçının tələblərinə uyğunlaşdırılması və brendləşmə strategiyası da uğurun əsas şərtlərindəndir. Burada məhsulun ekoloji təmizliyi, keyfiyyəti və rəqabətədavamlı qiymət siyasəti əsas meyarlar sırasındadır. Mütəxəssislərin qənaətincə, Çin bazarına daxil olmaq və orada uğur qazanmaq üçün qısamüddətli yanaşma yetərli deyil. Uğurlu ixrac üçün uzunmüddətli, mərhələli və adaptiv strategiya tələb olunur ki, buraya məhsulun sertifikatlaşdırılması, yerli distribütorlarla işləmək, marketinq fəaliyyətlərinə yatırım və istehlakçının davranış modelini dərindən öyrənmək daxildir.
Hazırda Çinin altı şəhərində yerləşən yeddi Azərbaycan Ticarət Evi və bu ölkənin məşhur e-kommerisya platforması olan «JD.Com»da bir onlayn Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Əsasən çinli tərəfdaşların investisiyaları hesabına yaradılmış bu ticarət evləri Azərbaycanın ixracın təşviqi mexanizmində istifadə olunan çoxsaylı vasitələrlə ölkəmizin Çin bazarındakı mövcudluğunu gücləndirir. Onlar yalnız Azərbaycan məhsullarının təqdimatı ilə məhdudlaşmır, eyni zamanda, ölkəmizin investisiya və turizm potensialının təbliğində də mühüm rol oynayırlar. Çinin müxtəlif şəhərlərində yeni ticarət evlərinin açılması hazırda potensial investorlarla aparılan danışıqların gündəmindədir. Əvvəllər bu sahəyə investor cəlb etmək daha çətin idisə, bu gün artıq investorlar özləri maraq göstərir, əməkdaşlıq təşəbbüsləri irəli sürürlər.
Bu gün Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmizin «Bir kəmər, bir yol» təşəbbüsündə roluna yeni çalarlar qatır. Yəni, görünən odur ki, Azərbaycan artıq sadəcə coğrafi keçid ölkəsi deyil, həm də bu təşəbbüsün fəal iştirakçısı və tərəfdaş ölkə statusunu qazanmaq ərəfəsindədir. Bu prosesdə respublikamızın Orta Dəhlizdəki mövqeyi daha da aktuallaşır və təşəbbüsün əsas dayağı kimi önə çıxır. Əldə olunan irəliləyişlər sayəsində Azərbaycan təkcə tranzit funksiyası ilə kifayətlənmir, həmçinin bu qlobal əməkdaşlıq təşəbbüsü çərçivəsində logistika, sənaye əməkdaşlığı, yaşıl enerji və rəqəmsal bağlantı kimi sahələrdə də fəal iştirak etməyə başlayır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və sənaye parkları kimi layihələr ölkəmizin bu təşəbbüs çərçivəsində beynəlxalq ticarət və istehsal zəncirində mövqeyini gücləndirir. Eyni zamanda, Azərbaycanın «Bir kəmər, bir yol» təşəbbüsünə verdiyi dəstək ölkəmizin Çinlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında dayanıqlı körpü rolunu oynamasına gətirib çıxarıb.
İqtisadçıların pronozlarına görə, yaxın gələcəkdə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi xeyli artacaqdır. Xüsusilə bu istiqmətdə ölkəmiz öz qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və qida sənayesi məhsullarının Çin bazarına çıxışını genişləndirmək üçün fəal siyasət həyata keçirir. Hazırda bir neçə növ kənd təsərrüfatı məhsulumuzun Çinə ixrac icazələrinin alınmasına dair danışıqlar davam edir.
Bundan başqa, iki ölkə arasında bərpaolunan enerji sahəsində tərəfdaşlığın inkişafı da diqqət mərkəzindədir. Azərbaycanın günəş və külək enerjisi potensialı ilə Çinin yaşıl enerji texnologiyaları sahəsindəki təcrübəsi birgə layihələr üçün əlverişli zəmin yaradır. Bu sahədə Çin şirkətləri Azərbaycanda çox fəal iş aparırlar və artıq bu istiqamətdə bir neçə layihəyə start verilib. Turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi əsas hədəflər sırasındadır. Vizasız gediş-gəliş rejimi fonunda qarşılıqlı turist axınının artması gözləniləndir.
Son bir neçə ildə Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən ölkəmizin biznes mühitinin təqdimatı, investorlara təklif olunan imtiyazlar və onların potensial layihələrə cəlb edilməsi məqsədilə Çinin müxtəlif şəhərlərində forumlar, konfranslar və təqdimatlar təşkil olunur. Bu platformalar işgüzar əlaqələrin qurulması və genişləndirilməsi, həmçinin Azərbaycana çinli investorların cəlb edilməsi baxımından mühüm rol oynayır. Xatırladaq ki, 2025-ci il aprelin 17-də Pekin şəhərində keçirilmiş Çin-Azərbaycan sənaye və investisiya təşviqi konfransı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, AzPROMO, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirlyində ticarət nümayəndəsinin Aparatı və Çin Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Təxminən 250 nəfərin iştirak etdiyi konfransda iki ölkə arasında əməkdaşlığın inkişafı və ağır, yüngül sənaye, istehsalın lokallaşdırılması kimi sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi məqsədilə 13 əməkdaşlıq sənədi imzalanıb.
Bundan əlavə, hər il mütəmadi olaraq potensial çinli investorların Azərbaycana səfərləri təşkil olunur. Bu səfərlər çərçivəsində onlar ölkəmizin sənaye parkları, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yaxından tanış olurlar, həmçinin yerli potensial tərəfdaşlarla görüşlər keçirilir və layihələrin həyata keçirilməsi üzrə müzakirələr aparılır. Bu cür səfərlərin böyük əhəmiyyəti var. Belə ki, Azərbaycana gələn çinli investorların ölkəmizin biznes mühiti və sərmayədarlar üçün yaradılmış əlverişli şərait haqqında əyani təəssüratları yaranır ki, bu da onların investisiya layihələrini həyata keçirməkdə əminlik qazanmalarına səbəb olur.
Eyni zamanda, işgüzar dairələr arasında ticarət əməkdaşlığının gücləndirilməsi məqsədilə il ərzində Çində keçirilən beynəlxalq sərgilərdə «Made in Azerbaijan»brendli məhsullarımız nümayiş etdirilir. Şərabçılıq, şərab məhsullarının təbliği və satışının artırılması üçün master-klass və dequstasiya tədbirləri təşkil olunur. Həmçinin məhsullarını Çinə ixrac etmək istəyən Azərbaycan şirkətlərinə müvafiq dəstək göstərilir və onlar potensial çinli idxalçılarla əlaqələndirilir. Bu tədbirlər Azərbaycan məhsullarının Çin bazarında daha çox tanınması və qarşılıqlı faydalı ticarət əlaqələrinin qurulmasına xidmət edir.
Elçin Zaman, «İki sahil»