05 avqust 2025 00:17
143

Ölkəmizin uğurlu enerji diplomatiyasının 14-cü ünvanı - Suriya

Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyinin qlobal coğrafiyanı əhatə etməsi Azərbaycanın Yaxın Şərqdə ixrac imkanlarının şaxələndirilməsinə açılan yoldur

Ötən il Bakıda 197 ölkənin iştirakı ilə keçirilən, iqlim dəyişmələrinə aid ən mühüm problemlərin müzakirə olunduğu COP29 Azərbaycanın enerji diplomatiyasının, «Yaşıl gündəliyi»nin təqdimatı kimi tarixə yazıldı. Qlobal iqlim gündəliyinə töhfə verən, ekoloji tarazlığa xüsusi diqqətlə yanaşan, ənənəvi enerji resursları ilə birgə alternativ mənbələrdən istifadənin tətbiqi sahəsində zəngin təcrübəyə malik Azərbaycan etibarlı təchizatçı kimi proqnozlarını dı açıqladı. «Yaşıl gündəliyi» zəngin olan, 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal etməyi planlaşdıran ölkəmizin su elektrik enerjisi istehsalında Qarabağ və Şərqi Zəngəzur xüsusilə fərqənir. Həmin bolgələrdə ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasının istismara verilməsi ilə «Yaşıl gündəliyi»mizin əhatə dairəsi genişlənib. Ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları vəsait ayıran respublikamızda «Yaşıl Keçid Proqramı» həyata keçirilməklə neft və qaz hasilatının gələcəyimiz üçün təminat məsələləri də diqqətdə saxlanılır. Enerji təhlükəsizliyi sahəsində Qlobal Cənub və Qlobal Şimal arasında körpü olan, COP29-un mühüm nailiyyətlərindən sayılan, 10 il ərzində müzakirə mövzusuna çevrilməklə aktuallığını qoruyan karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılığın Azərbaycanda əldə olunması, bu məqsədlə nəzərdə tutulan vasaitin 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması önəmli nailiyyət idi. Bu gün Azərbaycan müxtəlif qaz boru kəmərləri vasitəsilə bir çox ölkələrə təbii qaz ixrac edir. Bu göstəriciyə görə, ölkəmiz dünyada ön sıralardadır. Azərbaycanın təbii qazının nəql olunduğu coğrafiya genişlənməkdədir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında Avropa Komissiyası Prezidentinin iştirakı ilə yaşıl enerjinin ötürülməsinə dair Buxarestdə imzalanan Sazişə uyğun daha səmərəli imkanların yaranacağı ilə bağlı deyilənlər artıq reallaşır. Azərbaycanın yaşıl enerji layihələri ilə Avropanın enerji təchizatına yeni istiqamətlər əlavə olunur. Sofiyada «Bulgartransgaz» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream» (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu»nun imzalanma mərasimində qitə dövlətlərinin enerji təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanın həlledici rolunun etiraf edilməsi ölkəmizin enerji diplomatiyasının məntiqi nəticəsidir. «Həmrəylik Halqası» təşəbbüsünün reallaşması ilə Azərbaycan qazının Avropa İttifaqına üzv ölkələrə çatdırılması üçün əlavə marşrutların formalaşması yeni hədəflərə çatmağın ən asan yoludur. Çünki yeni layihə olan «Həmrəylik Halqası» təşəbbüsünün reallaşması ilə Cənub Qaz Dəhlizinin ötürücülük imkanları daha da artacaq.
«Həmrəylik Halqası»nı, Anlaşma Memorandumunu Avropa İttifaqına üzv dövlətlər ilə Azərbaycan arasında «Strateji Tərəfdaşlıq haqqında Bəyannamə»yə və digər sazişlərə uyğun davam edən tərəfdaşlığın məntiqi nəticəsi adlandıran dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, qitə dövlətlərinin üçdə birinin ölkəmizlə əməkdaşlığı səmimi münasibətlərin etibarlı gələcəyidir. Hazırda Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilən Azərbaycan qazının Rumıniyaya da çatdırılması bu əməkdaşlığın uğurlu, məntiqi nəticəsidir. Nəzərdə tutulan digər interkonnektorların yaradılması ilə
proqnozları «Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik» özləri ilə diqqətə çatdıran Prezident İlham Əliyevin davam etdirdiyi neft strategiyası nəticəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olan tərəfdarları sayı gözlənildiyindən də artıq çoxalıb.

Təkcə Avrora qitəsində deyil, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malik Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında tranzit ölkə kimi mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Qlobal Cənubun önəmli hissəsi olan Azərbaycan ECO çərçivəsində yaşıl enerji təşəbbüslərinə də böyük diqqət yetirir. Bakıda ECO regionu üçün «Təmiz Enerji Mərkəzi»nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur. «Regional gündəliyə gəldikdə, onu da qeyd edə bilərəm ki, biz yaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik» söyləyən Prezident İlham Əliyevin vədinin reallığının nümunəsi bu günlərdə Azərbaycan təbii qazının 14-cü dövlət olan Suryaya nəqlidir.

İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşən Prezident İlham Əliyev bu səfəri ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyətə malik hadisə adlandırdı. Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər yaranıb. Suriyada yeni hökumət formalaşdıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin görüşlərdə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğulamışdı. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüşü ilə əlaqələrin inkişafı üçün stimul yarandı. Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə dövlət başçımıza təşəkkürünü bildirən Əhməd Əl Şaraa ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı.

Avropadan sonra Yaxın Şərqə qaz icracına başlayan Azərbaycanın şaxələndirmə siyasətinin cografiyası daha da genişləndi. Azərbaycan qazının yeni istehlakçı Suriyaya nəqli ilə bu ölkənin elektrik enerjisinin verilişi gündə 3-4 saatdan 10 saata qaldırılacaq. Bu, layihə Suriyanın yenidən qurulmasına, İslam həmrəyliyinin möhkəmlənməsiən, öz azadlığı uğrunda mübarizəyə qalxan suriyalılara qardaş dəstəyidir. Bu qazdan Hələbdə yerləşən stansiyada elektrik enerjisi istehsalı məqsədilə istifadə ediləcək və təxminən 1200 meqavatlıq elektrik enerjisinə çevriləcək. Beləliklə, Suriyada hazırda istehsal olunan elektrik enerjisinin miqdarı təxminən iki dəfə artacaq. Suriyaya qədər uzanan Azərbaycan və Türkiyə qardaşlığının ortaq baxışının daha bir nümunəsi gerçəkləşdi. Neft və təbii qaz istehsalçısı olan Azərbaycanın Şərqə doğru qlobal enerji bazarının artacağına nümunə olan Suriya variantının gerçəkləşməsi tarixi hadisə kimi dəyərləndirildi.

Azərbaycan, Qətər, Suriya və Türkiyə rəsmilərinin birgə açıqlamasında qeyd olunduğu kimi, bu hadisə sözügedən 4 ölkə arasında əlaqələrin dərinləşdirilməsində mühüm addımdır. Ölkə iqtisadiyyatının inkişafına, insanların həyat şəraitinin yaxşılaşmasına bilavasitə töhfə və humanitar addım olan Azərbaycan qazının Suryaya çatdırılması regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönələn birgə səyləri artıracaq.

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması müqasibətilə Kilis əyalətinin Yavuzlu kəndində keçirilən mərasimdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun vurğuladığı kimi, razılaşmalar əsasında, qısa müddət ərzində Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin Şərqə yönələn enerji ixracının tarixində mühüm mərhələnin başlanğıcıdır. Reallaşan bu layihə dost ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Azərbaycanla Türkiyə arasında enerji sektorunu əhatə edən strateji tərəfdaşlıq nəticəsində tarixi əhəmiyyətə malik bu layihənin uğurla reallaşdı. Qeyd edildi ki, hər iki ölkə Suriyanın yenidən qurulması və inkişafına dəstək göstərmək istiqamətində birgə fəaliyyət göstərir və bu sahədə əhəmiyyətli addımlar atılır. Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsası qoyulur. Azərbaycanın qaz ixrac etdiyi 14-cü ölkə olan bu təşəbbüs ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rolunu bir daha təsdiqlədi. Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixracı coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək. Suriyanın dövlət nümmayəndələri ölkələrinə göstərilən dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkür edərək gündəlik 6 milyon kubmetr təbii qazın nəqlini dost töfhəsi adlandırdılar. İlk mərhələdə illik 1,2 milyard kubmetr qazın Suriyaya ixracı planlaşdırılır. Bunun sayəsində Suriyada 1200-1300 meqavatlıq elektrik enerjisi istehsal ediləcək. Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətinin bir hissəsinə çevrilməklə daha böyük coğrafiyanı əhatə edəcək. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyin daha bir nümunəsi reallaşdı. Dağıdılan Suriyaya qaz nəqli Azərbaycanın Yaxın Şərqdə ixrac imkanlarının şaxələndirilməsinə açılan yol deməkdir. Açıqlamalara görə, Suriya «Ərəb qaz» şəbəkəsi adlandırılan sistemə qoşulub. Bu şəbəkəyə Livan, İordaniya və Misir də daxildir. Yəni, ehtiyac yarandığı zaman Azərbaycanın qazı bu ölkələrə də ixrac edilə bilər.

Xuraman İsmayılqızı, «İki sahil»